Aişə Qəddafi: “Canavarla danışıqlar quzunu xilas etmir”
Liviyanın sabiq lideri Müəmmər Qəddafinin qızı Aişə Qəddafi İran xalqına müraciət edib.
Crossmedia.az bu barədə xatrici KİV-ə istinadən xəbər verir.
Aişə Qəddafi müraciətində İran xalqını Qərb imperialistlərinin verdiyi vədlərə inanmamağa çağıraraq, Liviyanın yaşadıqlarını nümunə göstərib.
“Ey İran xalqı, ey qürurlu və sarsılmaz xalq!
Sizə bir xəbərdarlıqla müraciət edirəm: Qərb imperialistlərinin şirin sözlərinə və şüarlarına aldanmayın. Atama da məhz eyni vədlər verilmişdi: ‘Əgər nüvə və ballistik proqramlarınızdan imtina etsəniz, dünyanın bütün qapıları üzünüzə açılacaq.
Atam xoş niyyətə və dialoqa inanaraq barışıq yolunu seçdi. Lakin nəticədə NATO bombardmanları Liviyanı odlara qərq etdi, ölkəmizi qanlı cəhənnəmə çevirdi, xalqımızı köləliyə, yoxsulluğa və didərginliyə sürüklədi”, – deyə müraciətdə qeyd olunur.
Aişə Qəddafi İran xalqının sanksiyalara və informasiya müharibəsinə qarşı göstərdiyi müqaviməti xüsusi vurğulayıb:
“İranlı qardaşlar! Sanksiyalara, medianın yalanlarına və ölkənizin iqtisadi cəhətdən boğulmasına qarşı nümayiş etdirdiyiniz qürur, səbr və qətiyyət xalqınızın ləyaqətinin və gücünün sübutudur.”
O, imperialist qüvvələrlə kompromisin ağır nəticələr doğurduğunu bildirib:
“İmperialistlərlə istənilən kompromis yalnız dağıntı, parçalanma və iztirab gətirir. Canavarla aparılan danışıqlar quzunu xilas etmir — sadəcə ovun vaxtını gecikdirir.”
Müraciətin sonunda Aişə Qəddafi müqavimət göstərən xalqları nümunə göstərərək qeyd edib:
“Biz Kuba, Venesuela, Koreya və Fələstin kimi müqaviməti ilə dünya xalqlarının qəlbini fəth etmiş ölkələri görürük. Boyun əyənlər isə tarix səhnəsindən silinərək unudulub.”
Müraciət “Sevgi və həmrəyliklə, Aişə Qəddafi” sözləri ilə yekunlaşıb.
09:06 15.01.2026
Oxunuş sayı: 2040