Ermənistan DİN İran səfirinə cavab verib: Toplaşmaların təmin edilməsi davam etdiriləcək
Ermənistan Daxili İşlər Nazirliyi İranın səfirinin ittihamlarına cavab verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Ermənistan KİV-ləri qeyd edir ki, İranın Ermənistandakı səfiri Xəlil Şirğolami qalmaqallı bəyanatla çıxış etmişdi. “Tehranda belə bir təsəvvür formalaşır ki, Ermənistan İrana qarşı düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrilir”, - deyə o bildirmişdi.
İrandakı etiraz aksiyalarından danışan səfir qeyd etmişdi ki, onların uğur qazanacağı təqdirdə məğlub tərəf Ermənistan da olacaq.
Şirğolami şənbə günündən etibarən İran səfirliyinin qarşısında vətəndaşların toplaşaraq hörmətsiz və təhqiredici çağırışlar səsləndirməsindən narahatlığını ifadə etmişdi.
İran səfiri bildirmişdi ki, bu addım İran xalqının yaddaşında qalacaq. O vurğulamışdı ki, Ermənistan üçün çətin günlərdə İran onun yanında olub.
Şirğolami qeyd etmişdi ki, narahatlıqlarını dəfələrlə Ermənistanın aidiyyəti qurumlarına çatdırıblar.
Ermənistan DİN-dən bildirilib ki, qeyd olunan bütün aksiyalar qanunvericiliklə müəyyən edilmiş qaydada təmin olunub, həm aksiyaların iştirakçılarının, həm də səfirlik binasının təhlükəsizliyi qorunub:
“Toplantılardan birində iştirakçılardan biri polis əməkdaşının qanuni tələbinə əməl etmədiyinə görə inzibati qaydada həbs edilib.
Ermənistan Daxili İşlər Nazirliyi Ermənistanın qanunları və beynəlxalq öhdəlikləri çərçivəsində vətəndaşların sərbəst hərəkət və dinc toplaşmaq azadlığı hüquqlarının həyata keçirilməsinə mane olmamağa borcludur.
DİN dinc toplaşmaların qanunla müəyyən edilmiş qaydada təmin edilməsini davam etdirəcək”.(Ordu.az)
22:39 14.01.2026
Oxunuş sayı: 1046