Trampdan NATO-ya ultimatum: Qrenlandiyanı ABŞ-yə verin
ABŞ prezidenti Donald Tramp NATO-nu Qrenlandiyanın ABŞ-yə verilməsini dəstəkləməyə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Vaşinqtonun milli təhlükəsizliyi və “Qızıl Qübbə” adlı yeni müdafiə sisteminin yaradılması üçün Qrenlandiya həyati əhəmiyyət daşıyır.
Trampın sözlərinə görə, NATO Arktika bölgəsində Rusiya və ya Çinin strateji mövqe qazanmasının qarşısını almaq üçün bu addımı atmalıdır. ABŞ prezidenti vurğulayıb ki, əgər Vaşinqton bu prosesi həyata keçirməzsə, bölgədə üstünlük Moskva və ya Pekinin əlinə keçə bilər.
“Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün Qrenlandiyaya ehtiyacı var. Bu, inşa etdiyimiz Qızıl Qübbə sistemi üçün həyati əhəmiyyət kəsb edir. NATO bu məsələdə bizə kömək etməlidir. Əgər biz bunu etməsək, Rusiya və ya Çin edəcək və bu, qəbuledilməzdir”, – Tramp bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ-nin güclü hərbi potensialı olmasa, NATO effektiv qüvvə və çəkindirici mexanizm rolunu oynaya bilməz. Trampın sözlərinə görə, Qrenlandiya ABŞ-nin nəzarətində olduğu halda Alyans daha güclü və təsirli olar.
ABŞ prezidenti bu fikirləri sosial şəbəkədəki Truth Social hesabında paylaşıb və əlavə edib ki, bundan zəif variantlar onun üçün qəbuledilməzdir.
Kübra Musayeva
16:56 14.01.2026
Oxunuş sayı: 1374