Sahibkar yalnız qazanc əldə etməməli, xalqına fayda verməli, gəncləri yetişdirməli və cəmiyyətə dəyər qatmalıdır - MÜSAHİBƏ

Azərbaycan sahibkarları təkcə iqtisadi inkişafın deyil, həm də milli dəyərlərin daşıyıcısıdır. Onlar yeni iş yerləri açmaqla, sosial layihələrə dəstək olmaqla, gənclərin yetişməsinə töhfə verməklə ölkənin gələcəyini formalaşdırırlar.
Müasir dövrdə sahibkar artıq sadəcə biznesmen deyil — o, cəmiyyətin düşüncəsinə təsir edən şəxs, sosial məsuliyyət daşıyıcısı, nümunəvi vətəndaşdır. Bu baxımdan “Moon Group”un qurucusu və İş adamları cəmiyyətinin milli assosiasiyasının sədr müavini Ruslan Quliyev hesab edir ki, sahibkarın cəmiyyətdəki rolu olduqca böyükdür və hər bir sahibkar vətənə sevgisini əməli ifadəsinə və liderlik məsuliyyətinə xüsusi önəm verməlidir.
- Ruslan bəy, sizcə bir vətənsevər sahibkar vətəni üçün nə etməlidir?
Vətənsevərlik yalnız duyğu deyil — bu, vicdanın, əməyin və məsuliyyətin adıdır.
Sahibkarın vətənə sevgisi sözlə deyil, əməllə ölçülür: gördüyü işdə, yaratdığı dəyərdə, dürüstlüyündə və xalqına verdiyi faydada əks olunur.
Mənim üçün vətənsevərlik — işini vicdanla görmək, xalqına fayda vermək, ölkəsinə borclu olduğunu unutmamaq və onu şərəflə təmsil etməkdir. Vətənə sevgi böyük sözlərdə deyil, gündəlik əməl və davranışda görünür. Əgər hər kəs öz işini məsuliyyətlə görürsə, deməli, bu ölkə inkişaf edir.
Əgər sahibkar ölkə iqtisadiyyatının inkişafına töhfə verirsə, yeni iş yerləri açırsa, vergisini vicdanla ödəyirsə — bu artıq vətənə xidmətdir. Sahibkarın məqsədi yalnız qazanc olmamalıdır. O, xalqına fayda verməli, gəncləri yetişdirməli və cəmiyyətə dəyər qatmalıdır.
Sahibkar yalnız idarəçi deyil, həm də dəyərlər formalaşdıran liderdir. O, ədalətli olduqda, işçisinə hörmət etdikdə və cəmiyyət üçün faydalı qərarlar verdikdə, bu davranış liderlik mədəniyyəti kimi yayılır. Belə sahibkarlar millətin içində etibarın, dürüstlüyün və əməksevərliyin simvoluna çevrilirlər. Bu, uzunmüddətli perspektivdə həm iş dünyasını, həm də milli mənəviyyatı formalaşdırır.
- O zaman ictimai məsuliyyət sahəsində sahibkarın rolu nədən ibarətdir?
Ən sadə ifadə ilə desək, sahibkar qazandığının bir hissəsini xalqına qaytarmalıdır. Şəhid ailələrinə, aztəminatlı ailələrə, təhsil alan gənclərə dəstək göstərmək — bu, vətən sevgisinin əməli təzahürüdür. Sahibkarlar maarifləndirici tədbirlərə, təhsil layihələrinə, sənət və əl işləri sərgilərinə sponsorluq etməklə həm insanlara dayaq olur, həm də etimad və hörmət mühitini gücləndirirlər.
Sosial məsuliyyət təkcə maddi dəstək demək deyil. Sahibkar öz resurslarını da bu istiqamətdə səfərbər edə bilər. Məsələn, təlim mərkəzləri ay ərzində 10 nəfər tələbəyə ödənişsiz kurs keçə bilər, konfrans zalları imkansız təlimçilər üçün ödənişsiz tədbir keçirməyə şərait yarada bilər.
Bu cür təşəbbüslər milli potensialın artırılmasına xidmət edir və sahibkarı cəmiyyətin inkişafına təkan verən əsas qüvvəyə çevirir.
- Sahibkarın “cəmiyyətin düşüncəsinə təsir edən güc” olduğunu vurğulayırsınız. Bu fikri necə izah edərdiniz?
Sahibkar təkcə iqtisadi şəxs deyil — o, ictimai fikir daşıyıcısıdır. Əgər bir sahibkarın tabeliyində 100 nəfər çalışırsa, həmin 100 nəfərin hər biri rəhbərini mənəvi və peşəkar ideal kimi görür. Bu insanlar ailələrinə, dostlarına, ətrafına da bu düşüncə tərzini ötürürlər. Beləcə, bir sahibkar dolayı yolla yüzlərlə insana təsir göstərir.
Bu, zəncirvari təsir mexanizmidir: Sahibkar → işçilər → ailələr → cəmiyyət. Əgər bu zəncirin başlanğıcında vicdanlı, vətənsevər və düşüncəli sahibkar dayanırsa, o, milli dəyərlərin təbliğini sözlə yox, öz nümunəsi ilə həyata keçirir.
- Azərbaycanda kifayət qədər çox sayda ictimai birlik mövcuddur. İCMA-nı onlardan fərqləndirən nədir, məsələn, bir sahibkar İCMA-ya üzv olmaqla nə əldə edir?
Son illərdə dövlətin dəstəyi ilə ictimai birliklərin fəaliyyəti daha da aktivləşib. Sahibkarlar arasında əməkdaşlıq münasibətləri genişlənib, bizneslə yanaşı sosial təşəbbüslər və maarifləndirici layihələr artıb. Bu, cəmiyyətdə vətəndaş məsuliyyətinin güclənməsinə və biznesin sosial həyata inteqrasiyasına gətirib çıxarır. Nəticədə həm sahibkarlığın inkişafı,həm də sosial həmrəylik daha da möhkəmlənir. İCMA sahibkarlar üçün həm peşəkar, həm də sosial baxımdan böyük platformadır.
Burada üzvlər bir-biri ilə əməkdaşlıq qurur, təcrübə mübadiləsi aparır, ortaq layihələr həyata keçirir və dövlət qurumları ilə birbaşa dialoq imkanı əldə edirlər.
Eyni zamanda, sosial və maarifləndirici təşəbbüslərdə iştirak etməklə sahibkarlar həm fəaliyyətlərini genişləndirir, həm də cəmiyyətə real töhfə vermək fürsəti qazanırlar.
Türkan
11:00 13.10.2025
Oxunuş sayı: 14937