Türk dünyasının birliyi strateji və mənəvi reallığa çevrilib- Deputat

Türk dünyasının birliyi və həmrəyliyi son illərdə daha da güclənərək strateji və mənəvi bir reallığa çevrilib. Ortaq tarixi və etnik köklər, mədəniyyət, dil və din amilləri bu birliyin təməlini təşkil edir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə səsləndirdiyi “Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir” fikri bu mənəvi bağların və qardaşlıq münasibətlərinin mahiyyətini aydın şəkildə ifadə edir. Dövlət başçısının 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin TDT çərçivəsində qeyd olunması təklifi isə türk dünyasının elm, mədəniyyət və dil birliyinin daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirili
Mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Crossmedia.az-a danışıb:
“Ulu Öndər Heydər Əliyevin türkçülüyə bağlılığı sonradan Türk Dövlətləri Təşkilatının qurulmasına təkan oldu. Bu siyasət Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövründə sistemli şəkildə davam etdi və ən yüksək zirvəsinə çatdı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətində türk dünyası daxilində əlaqələrin inkişaf etdirilməsi və dərinləşdirilməsi mühüm yer tutmuşdur. Ulu Öndər respublikamızda 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra Türkiyə və Mərkəzi Asiyanın türk dövlətləri ilə siyasi, iqtisadi, mədəni, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığa xüsusi diqqət yetirmişdir. O, çıxışlarında və rəsmi görüşlərində türk xalqlarının ortaq mənəvi dəyərlərə malik olmalarını yüksək qiymətləndirmiş, bu zəmində münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını zəruri saymışdır".
Deputat əlavə edib: "Möhtərəm Prezident İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizin inkişafında yeni mərhələ başlamışdır. Azərbaycan dövləti iqtisadi, siyasi və hərbi cəhətdən güclənmiş, xalqımızın mübarizə ruhu və əzmkarlığı daha da yüksəlmişdir. 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə, beynəlxalq arenada nüfuzunun artmasına və türk dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsinə şərait yaratmışdır".
O, həmçinin vurğulayıb ki, TDT uzun illər mədəni və iqtisadi əməkdaşlıq platforması kimi fəaliyyət göstərsə də, hazırkı mərhələdə təşkilatın gündəliyinə təhlükəsizlik, müdafiə və sərhəd sabitliyi kimi məsələlərin daxil edilməsi onun siyasi mahiyyətinin dəyişdiyini göstərir: "Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Orta Asiya dövlətlərinin təhlükəsizlik çağırışları və qlobal güclərin rəqabəti türk ölkələrini daha sıx koordinasiyaya sövq etmişdir.Məlumdur ki, bu gün və sabah Qəbələdə TDT-nin Zirvə Toplantısı keçiriləcək. Zirvə toplantısına qatılmaq üçün türk dövlətlərinin liderləri ölkəmizə gəlməyə davam edirlər. İki gün ərzində keçiriləcək Zirvə Görüşünün gündəliyinə regional təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizləri, enerji layihələri, ortaq dil və mədəni irsin qorunması kimi mövzular daxildir".
M. Cəfərov qeyd edib ki, Azərbaycanın təşkilatın görüşlərinə tez-tez ev sahibliyi etməsi onun TDT məkanında lider ölkələrdən biri kimi nüfuzunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin son illərdə türk birliyinin siyasi gücə çevrilməsi istiqamətində atdığı addımlar artıq nəticə verməyə başlayıb. Bütün bunların nəticəsidir ki, TDT beynəlxalq arenada artıq nüfuzlu qurum kimi tanınır və qəbul edilir. Aparıcı dünya dövlətləri də bu təşkilatla əməkdaşlıqda maraqlıdırlar".
"Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb. Əminəm ki, ölkəmizdə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi bu sammit də yüksək səviyyədə keçiriləcəkdir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayaraq, gələn il onun 100 illik yubileyinin TDT çərçivəsində qeyd olunmasını təklif edib. Bu təklif Azərbaycan dövlətinin tarixi köklərinə bağlılığından irəli gəlir".
Mehriban Yariyeva
23:34 08.10.2025
Oxunuş sayı: 941