Şagirdlərin səhv etməsi narahatlıq doğurmamalıdır - Professor

Müasir təhsil sistemi yalnız faktların əzbər edilməsi və qaydaların öyrədilməsi ilə məhdudlaşmamalıdır. Bu gün əsas məqsəd şagirdlərin sərbəst düşünmə bacarıqlarını inkişaf etdirmək, onların yaradıcı yanaşmasını və fərdi mövqelərini ortaya qoymaqdır. Elm və təhsil naziri Emin Əmrullayevin “Uşaqlara səhv etmək və fikirlərini sərbəst ifadə etmək imkanı verməliyik” fikri də məhz bu yanaşmanı əks etdirir. Çünki səhv etmək öyrənməyin təbii bir hissəsidir. Şagirdlər yalnız sərbəst düşündükdə, fikirlərini açıq şəkildə ifadə edə bildikdə və səhvlərindən nəticə çıxardıqda həqiqi mənada inkişaf edə bilərlər. Bu yanaşma həm də cəmiyyətin gələcək inkişafı üçün vacibdir. Çünki sərbəst düşüncəli, öz ideyalarını müdafiə edə bilən gənclik sabahın yenilikçi və güclü Azərbaycanını quracaq. Təhsildə belə bir mühitin yaradılması isə həm müəllimlərin, həm də valideynlərin yanaşmasında dəyişiklik tələb edir.
Mövzu ilə bağlı professor Cahangir Məmmədli Crossmedia.az-a açıqlama verib: “Nazirin bu fikri maraqlıdır. Pedaqogikada belə bir şey var. Şagirdlərə, tələbəblərə, öyrənmək məqamında olan insanlara öz fikirlərini ifadə etməyinə imkan yaratmaq lazımdır. Ola bilər ki, hansısa şagird fikirlərini ifadə edrəkən səhvə yol versin. Ona narazı olmaq lazım deyil. Çünki onun səhvi sinifdə yaxşı mənada müzakirəyə səbəb ola bilər. Onun özü də ortaya faktlar çıxaracaq və yeni biliklər öyrənməyə zəmin yaradacaq. Xüsusilə uşaqların səhv etməsi qətiyyən narahatlıq doğurmamalıdır. Bu da o demək deyil ki, uşaq həmişə səhv etsin. O səhvə diqqət etmək, müzakirəsinə yol açmaq lazımdır. Bununla uşaq da auditoriya da əlavə nəsə öyrənir”.
Ayhan
18:09 30.09.2025
Oxunuş sayı: 748