Qanuni rüsum, qanunsuz bazar: avtomobil nömrələri niyə bu qədər bahadır?



Avtomobillərin dövlət qeydiyyat nişanı (nömrə) ölkə ərazisində və ya xaricdə yol hərəkətində olarkən hər bir nəqliyyat vasitəsini fərqləndirən xüsusi lövhədir. Lakin bir çox hallarda sürücülər bu nömrəyə əlavə məna yükləyir. Bu da nömrələrin bahalaşmasına və qanunsuz şəkildə əldə edilməsinə gətirib çıxarır. Belə ki, müxtəlif saytlarda ev qiymətinə avtomobil nömrələri yetəri qədərdir. Məsələn "90 AB 010" nömrəsi hazırda internetdə 70.000, "10 TT 222" 160.000, "10 BJ 777" 100.000 manata satışa çıxarılıb. Lakin "Yol hərəkəti" haqqında qanunun 29 maddəsinin 2-ci bəndində qeyd edilir: "Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir".
Yəni dövlət qeydiyyat nişanını rəsmi şəkildə, sadəcə təyin edilmiş dövlət rüsumunu ödəməklə əldə edilməlidir.
Dövlət qeydiyyat nişanı hansı halda sıravi vətəndaş tərəfindən verilə bilər?
"Yol hərəkəti" haqqında qanunun 3 maddəsində qeyd edilir: "Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə verilir".
"Yol hərəkəti" qanununda qeyd edildiyi kimi dövlət qeydiyyat nişanlarının vətəndaşlar tərəfindən müxtəlif portallarda alışı və satışı qanunsuzdur. Bu proses müəyyən icra orqanlarının nəzarəti ilə dövlət rüsumu ödənilərək aparılır. Lakin yenə də müxtəlif səhifə və portallarda nömrələrin ev qiymətinə satışına rast gəlinir. Bu satış kim tərəfindən necə tənzimlənir? Bu qiymətlər nə üçün bu dərəcə bahadır?
Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev Crossmedia.az-a açıqlama verib:
"İnternetdə yerləşdirilən dövlət qeydiyyat nişanları sahiblərindən xəbərsiz şəkildə paylaşılır. Hansısa bahalı maşının, diqqət çəkən nömrələsini baha qiymətə saytlarda yerləşdirirlər. Heç nömrə sahiblərinin bundan xəbəri yoxdur. Bu cür nömrə əldə etmək qanunsuzdur. Dövlət qeydiyyat nişanları qeydiyyat idarəsinə müraciət edilərək əldə edilməlidir".
Paylaşılan və çox baha olan dövlət qeydiyyat nişanlarının qanunsuz satıldığı aydın oldu. Bəs bu nömrələr nə üçün bu qədər bahadır?
Mövzu ilə bağlı isə nəqliyyat eksperti Adil Nəbiyev Crossmedia.az-a açıqlama verib:
"Nömrələrin bu cür süni şəkildə əlçatmaz olması, qiymətlərinin ev qiymətinə olması tələbatın olduğu üçündür. Dünyanın hər yerində dövlət qeydiyyat nişanları rüsum ödəyərək əldə edilir. Normal seçim olur ki, qeydiyyatdan keçənlər növbə ilə nömrəni götürür. Bizdə sadəcə təlabat həddindən artıq çox olduğu üçün qiymətlər 10 qat baha olur və süni şəkildə artır. Bunun qarşısını almaq heç cür mümkün deyil".
Bir çox hallarda sahibindən xəbərsiz internetə qoyulan nömrələrə alıcı çıxdıqda, dələduzlar həmin alıcılardan beh alaraq aradan çıxırlar. Ümumiyyətlə qanunvericilikdə bununla bağlı hansısa hüquqi tənzimlənmə varmı? Bu dələduzları hansı cəza gözləyir?
Hüquqşünas Ramil Süleymanov Crossmedia.az-a açıqlamasında görülməli olan tədbirlərdən danışıb: "Ümumiyyətlə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları alqı-satqı predmeti ola bilməz. Bununla bağlı qanunvericilikdə boşluqlar var. Bəzi işbazlar bu boşluqdan istifadə edərək dövlət qeydiyyat nişanlarını dəyişirlər. Burda 3-cü tərəf qismində dövlət yol polisi idarələri çıxış edir. Çünki qanunvericilikdə dövlət qeydiyyat nişanlarının orta seriyalarının cüt və ya tək olması, rəqəm sonluğuna əsasən rüsumlar müəyyən edilmişdir. Bir maşının nömrəsi bir digərinə transfer edilirsə hər iki sürücü yol polis idarəsinə yaxınlaşıb müəyyən rüsum ödəyib nömrəni qeydiyyata salmalı, prosesi qanun çərçivəsində aparılmalıdır. Artıq bu məsələlərlə bağlı ciddi tədbirlər görmək lazımdır".
Ayhan
11:55 09.09.2025
Oxunuş sayı: 2390