Rauf Arifoğlu: “İlham Əliyev son 200 ildə Azərbaycanın başına gəlmiş ən yaxşı hadisədir” -MÜSAHİBƏ

Bir
neçə gün əvvəl Azərbaycan mətbuatı 150 illiyini qeyd etdi. 150 il ərzində Azərbaycan
mətbuatı bir çox hadisələrə canlı şahidlik edib. 150 illik mətbuat dedikdə ağla
gələn əlbəttə, ölkə qəzetləridir. Lakin təəssüf ki, hazırda qəzetlər, yəni
print media öz tənəzzül dövrünü yaşamaqdadır. Yeni media, onun da üstündən
sosial media hər sahədə üstələyib. Ancaq 150 illik tarixə malik olan qəzetçiliyimiz
hələ yaşayır, nəfəs alır. Bunun da əsas səbəbi dövlətimizin qəzetlərə göstərdiyi
diqqətdir.
Lakin
dövlət dəstəyi də bir yerə qədərdir. Ümumilikdə, qəzetlərin qədəri necə olacaq,
milli mətbuatımızı hansı gələcək gözləyir?
Bu və digər suallara aydınlıq gətirmək, çap və yeni medianın bugünkü vəziyyətini nəzərdən keçirmək məqsədilə Əməkdar jurnalist, “Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu ilə görüşdük. Rauf bəy bu və digər məsələlərlə bağlı Crossmedia.az-a fikirlərini bölüşüb…
– 150 illik Azərbaycan mətbuatı, onun keçdiyi yol ilə bağlı nə demək istərdiniz?
– Həsən bəy Zərdabinin arzusu bilirsiniz nə idi? Çap etdiyi qəzeti heç olmasa 10-15 adam oxusun, məlumat alsın. İndi isə hamı mətn oxuyur, hamı yazır, hamı çəkir və hamı göstərir. Bu da onu göstərir ki, Həsən bəy Zərdabinin Azərbaycan oxucuları ilə bağlı arzuları ən ideal səviyyədə həyata keçir. Artıq Azərbaycanda demək olar ki, savadsız adam yoxdur və Həsən bəyin istədiyi kimi, hamı xəbər ala bilir, yazıb-oxuya bilir.
Çox şükür ki, gəlib bu mərhələyə çatmışıq, artıq mətbuatımızın 150 illiyi ilə bağlı möhtəşəm tədbirlər keçirilir. Buradan mən Medianın İnkişafı Agentliyinə, onun rəhbəri Əhməd İsmayılov başda olmaqla, bütün komandaya, MEDİA könüllülərinə həm təşəkkürümü bildirir, həm də fəaliyyətlərini təqdir edirəm.
Mən
Şuşada onların fəaliyyətini artıq 3-cü dəfədir ki, izləyirəm. Böyük güc, təşkilatçılıq
tələb olunan möhtəşəm layihəyə gənc MEDİA komandası və tələbə könüllülər ürəklərini
qoydular. Hər şey çox gözəl tərtib olunmuşdu, sistemli və estetik idi.
Şuşa
Qlobal Media Forumu Azərbaycan media həyatının markasıdır və bütün dünya
çapında hər il diqqətlər bu markaya yönəlir. Bu, ölkəmizdə dövlətin, onun rəhbərinin
informasiyaya, bütövlükdə media amilinə verdiyi diqqətin təzahürüdür. Prosesin
ideya-tərtibat işlərindən tutmuş sahədə çalışanlarına qədər hər şey mükəmməl
idi. Bu məsələdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin
idarəedici-yönləndirici əməyini xüsusi qeyd etmək lazımdır.
Bildiyimiz üzrə, Allahın məlum alqoritmi var – deyir: “Səndən hərəkət, məndən bərəkət.” Bu dəfə də alqoritm işlədi – Şuşa Qlobal Media Forumu, burada səsləndirilən fikirlər dünya çapında hadisəyə çevrildi.
Müzəffər Ali Baş Komandan Qlobal Media Forumunun açılışını yenicə azad etdiyi Xankəndi şəhərində həyata keçirdi. Burada etdiyi möhtəşəm çıxışlar, suallara cavablar, replika və hərəkətlər dünya mediasının və siyasətinin diqqət mərkəzində oldu. Rusiya, Türkiyə, Avropa ilə yanaşı bizdən saat fərqi və məsafəcə çox uzaqda olan ABŞ da Xankəndidə cərəyan edən açılış prosesinə fövqəladə diqqət göstərdi.
Prezident
İlham Əliyevin Xankəndidə səsləndirdiyi fikirlər ABŞ Prezidenti Trampın
paylaşımına çıxdı. Hər kəs ondan alıntı paylaşdığı yerdə, cənab Tramp bizim
Prezidentin çıxışından bir hissə paylaşdı. Bu, möhtəşəm hadisə idi. Azərbaycan
Prezidentinin Forumda verdiyi açıqlamalar hələ də dünyanın informasiya məkanında
müzakirə olunmaqda, paylaşılmaqda, şərh edilməkdədir.
Buradan
Rusiya və onun Prezidenti Vladimir Putin də nəsibini alıb. Rusdilli xəbər məkanında
və Kreml dəhlizlərində İlham Əliyevin söylədikləri soyuq duş kimi qəbul olundu,
dünya Azərbaycanın Rusiyadan nə istədiyini, nə gözlədiyini bildi. Təyyarəmizi
vuran cinayətkar Rusiya Müdafiə Nazirliyi də mesajı aldı və bütün bunlar öz
müsbət nəticələrini verəcək…
Mətbuatımızın 150 illiyində Xankəndi–Şuşa mərkəzli qlobal proseslər yaşamaq, orada olmaq da biz qəzetçilərin xoşbəxtliyi və mükafatı olsun…
Doğrudur, ard-arda keçirilən Qlobal Media Forumlar göstərdi ki, Azərbaycandilli media resurslarının və yazarların lazımlılıq dərəcəsi, missiyaları “eroziya”ya uğrayıb. Azərbaycan dövləti ölkəmizin xəbər məkanını çox genişləndirib, iddialı və regional layihələr yaradıb. İndi info məkanımız daha çox rusdilli və ingilisdilli əhatələrə uzanmaqdadır. Bu baxımdan, Azərbaycandilli media resurslarının və xüsusən də qəzetlərimizin yenidən inventarlaşdırılmasına, sistemləşdirilməsinə və fəaliyyət bölgüsünə ehtiyac var.
- Uzun müddət media sahəsində olmaq, enişli-yoxuşlu, hamar olmayan yolda bu işi yürütmək necə bir hissdir?
-Bir
az üstünlük yaradır. Nə baxımından?.. İnformasiyanı və proseslərin cərəyan
etdiyi səhnəni tam görürsən. Yəni biz ilk gündən “Yeni Müsavat” qəzetini
yaradanda müstəqil qəzet yox idi. Deyərdim, ilklərdən olmuşuq. “Yeni
Müsavat”dan əvvəl “Birlik” dərgisi var idi, onu da mən redaktə edirdim. Şenol
imzası ilə samizdat üsulu ilə məqalələrimi buraxırdım. Ümumən ilk gündən bu günə
qədər olan Azərbaycan mətbuatının ilk dönəmi 1875-ci ildə “Əkinçi” qəzeti ilə
başlayır və 1920-ci ildə bu bitir. Sonrakı mərhələ isə 1989-cu ildən başlayır.
Hansı ki bu, hərəkatdan doğdu media… Mənzərəni tam görə bildiyimiz üçün
zamanında doğru manevrləri də edə bilirik.
- Siz qəzetçilikdən gəlmiş bir şəxs kimi, ənənələri olan və bu gün də davam edən bir qəzetin rəhbərisiniz. Belə deyək - yeni dövrlərə adaptasiya olmaq sizə və “Yeni Müsavat” media qrupa çətin olmur ki?
-Artıq
çap mediasının sürəti ilə irəli getmək mümkün deyil. Yəni bu bir tarixdir, ənənədir,
amma keçmişdir, gələcək deyil çap mediası. Bu baxımdan da çalışırıq ki,
maksimum yeni şərtlərə uyğunlaşaq. Deyərdim, bu hal dünya qəzetçiliyinin ən
böyük problemidir. Lakin biz Yeni Müsavat Media Qrupu olaraq yeni dönəmə tam
uyğunlaşmışıq və həm ‘’nyu-media’’ layihələrimiz, həm də sosial mediada
yaratdığımız seqmentlər çox güclüdür, tutub və bizim istinad istiqamətimiz
onlardır.
- O zaman çap mediasının taleyi necə olacaq? Yoxsa artıq taleyi həll olunub?
-Demək olar artıq həll olunub. Amma qəzetləri bir kənara atmaq da doğru deyil. Əslində, mənim çap mediasına, ayrıca halda ‘’Yeni Müsavat’’ qəzetinə ikinci həyat vermək planım var. Lakin bunun üçün maliyyə vəsaiti lazımdır. Dövlətimiz subsidiya, ya da borc şəkilində 1.5-2 milyon manat vəsait ayırsa və bunu birdəfəlik bizə versə, ‘’Yeni Müsavat’’ın ticari görünüşündən tutmuş, məzmununa qədər, hər şeyi dəyişdirə, yayım sistemi qura, dirçəlişi əldə edə bilərəm. Amma hərdən də özüm-özümə sual edirəm - buna ehtiyac varmı...
- Rauf bəyin, “Yeni Müsavat” Media Qrupunun gələcək hədəfləri nədir?
-Əsas hədəf mövcudluğu davam etdirməkdir. Azərbaycanda, ümumən media rəqabəti yüksək olan hər bir ölkədə Azərbaycandilli medianı ayaqda saxlamaq çətin bir məsələdir. İnformasiya sektorunda rəqabət çox güclənib və artıq böyük kapital media sektorunda işləməyə başlayıb. Dövlətin yüksək təminat və vəsait verdiyi media qruplar hər gün bizim sahəni daraldır və anbaan üstünlük qazanırlar. Qəzetçilikdə heç də hər şey istedadla, təcrübə ilə həll olmur. Maddi resurs çox önəmlidir və buna çıxış kimdədirsə, gələcək də ondadır. Azərbaycanda reklam bazarı çox kiçikdir və siyasi resursların pul qazanması mümkün olmur. Bayaq da dediyimiz kimi, dövlətimizin kursu da miqyaslı media məkanı yaratmaqdır. Bu baxımdan, gələcək kateqoriyasında plan quranda heç zaman məsafəni uzaq götürmürəm.
- Mənə görə bir media qurumunun rəhbəri siyasi post deməkdir. Siyasətlə hər gün məşğulam və bu sahədə işim siyasi partiya liderlərindən də çoxdur.
- Siz və rəhbərlik etdiyiniz media qrup müxalifətçilikdən imtina etdiniz, hələ Vətən müharibəsindən illər öncə Prezident İlham Əliyevə öz dəstəyinizi nümayiş etdirdiniz, onun yanında dayandığınızı elan etdiniz. Nəticədə bu günə qədər də sizə qarşı tənqidlər səslənir ki, Rauf Arifoğlu yolunu, düşərgəsini dəyişdi. Siz bu barədə nə demək istərdiniz?
-Mən bu rəylərə açığı, əhəmiyyət belə vermirəm. Deyən də var, söyən, təhqir edən də. Amma atdığım addımları, həyata keçirdiyim manevrləri doğru hesab edirəm. Məni qınayanlar, ya da ittiham edənlər nə gözləyirdilər? Avantürist və Zəfərimizin düşməni Əli Kərimlinin yanında qalmalıydım? Ya da gəlişi ilə Müsavat Partiyasını param-parça edən, öz miqyasına uyğunlaşdıran Arif Hacılının? İndi onlar kimi, bu millətə Zəfəri və Qarabağı bəxş etmiş İlham Əliyevə qarşı çıxaydım? O bataqlıqda qalaydım?
Azərbaycana
belə bir möhtəşəm qələbə qazandıran bir liderin yanında olmaq böyük şərəfdir və
Vətənə xidmət budur. Əksinə, adını çəkdiyim və çəkmədiyim uğursuzların,
bacarıqsızların yanında qalsaydım, bu, öz yoluma və dövlətimə dönüklük olardı.
Ümumilikdə,
müxalifətin olması tərəfimdən məqbul qarşılanır. Üstəlik, 2020-ci ilin 26
sentyabrına qədər prezident İlham Əliyevə qərəzli olmağı, onu kəskin tənqid etməyi
də normal sayıram. Amma 27 sentyabr 2020-ci ildən sonra, daha sonra isə 19
sentyabr 2023-cü ildən – Xankəndinin qaytarılması, ardınca Rusiya sülhməramlılarının
torpaqlardan çıxarılması prosesini yaşayıb da, İlham Əliyevə qərəzli olmaq
anlaşılan deyil. İlham Əliyev 44+1 günə 200 illik milli problemi həll etdi,
bizi yeni hədəflərə və səviyyəyə çıxartdı. Hər kəs bunu fərq edib, hər kəs bu
prosesə ayaq və siyasət uydurmağa çalışır. Lakin “radikal müxalifət”
adlandırılan barışmaz və qərəzli sekta yerindəcə sayır. 2019-cu ildə hansı
tezislərlə çıxış edirdilərsə, indi də eynidir. Sanki bu qədər böyük dəyişimlər
onların ölkəsinə və millətinə aid deyil…
Hikkələrindən
durub, Şuşaya, Ağdama, Zəngilana, Laçına, Xankəndiyə də getmirlər. Gedənlərə də
“avtobus müxalifəti” deyib, öz aləmlərində lağ edirlər. Onlar bədbəxtdirlər. Mən
bu zehniyyətin və siyasi əlillərin yanında necə qalardım…
- Siz Heydər Əliyevi və İlham Əliyevi görmüş, onlarla söhbət etmiş bir jurnalist kimi, müxalifətdən gəlmiş bir qəzetçi kimi təəssüratlarınızı bilmək maraqlı olardı…
- Heydər Əliyevlə bir neçə dəfə görüşmüşəm və iki dəfə birə-bir mükalimələrimiz də olub. Qeyd etmək istəyirəm ki, Heydər Əliyev dövründə Azərbaycan mediası quruluş və yüksəliş illərini yaşayırdı. Ümumilikdə, müxalif media və partiyaların hamısı Heydər Əliyev dövründə formalaşdı, gücləndi, təşkilata, struktura çevrildi. Bunu Heydər Əliyev özü istəyirdi, açıq cəmiyyət onun planlarına daxil idi. Gələcəkdə lazım ola biləcək milli müqavimət mərkəzləri baxımından siyasi təşkilatlanmanı özü təşviq edirdi. Heydər Əliyev hələ o vaxt texniki cəhətdən indi-indi yaranan canlı yayım modunu ANS-ə, Space-ə vermişdi. İmkan yaradırdı ki, Azərbaycanda demokratiya və söz azadlığı inkişaf eləsin, kimlər güclüdürsə, önə çıxsın, tanınsın. Deyərdim, Heydər Əliyev bizim düşündüyümüz demokratlardan qat-qat üstün bir demokrat idi. Hətta bunu mən sonradan bilmişəm ki, Heydər Əliyev pərdəarxasından bizi qoruyurdu. Kimdən qoruyurdu? Onunla bərabər biz güc nazirlərini, nazir müavinlərini, komitə sədrlərini, icra başçılarını da tənqid edirdik. O isə onlara deyirmiş ki, “mən dözürəm, siz də dözməlisiniz, heç bir şey etməməlisiniz”. Bunu bir dəfə demişəm, yazılı da təkrar edim – Heydər Əliyevlə münasibətdə Elçibəy iqtidarı və tərəfdarları çox feci səhvə yol verdilər. Düzgün etdilər ki, onu Azərbaycanın ən kritik dövründə Bakıya dəvət etdilər. Lakin bundan sonra, hamımızın da içində olduğu Azərbaycanı xilas etməyə gələn insana qarşı düşmənçilik başladı. Sərt və düşməncə ritorika, Heydər Əliyevi Surət Hüseynovla meydanda tək buraxıb, vəzifələrdən istefa (adına “vəzifəmi dondurdum” deyirdilər), əks fəaliyyət və sair əməllər başladı. Nəticədə Elçibəy komandasının özü hakimiyyətdən və bütün proseslərdən kənarda qaldı. Bu yanlışın acı nəticələri bizlər üçün indiyə qədər də davam edir…
İlham Əliyev isə bir qurtuluşçu liderdir. Onun müasiri olmaq, onunla bir dövrdə yaşamaq özü Allahın lütfüdür. Elə bu məqamda bir zamanlar yazdığım bir yazıdan – özümdən iqtibas gətirim: “İlham Əliyev son 200 ildə Azərbaycanın başına gəlmiş ən yaxşı hadisədir. İlham Əliyev əgər Azərbaycanın başına gəlməsəydi, başımıza çox pis şeylər gələcəkdi. Ən pisi də budur ki, biz Qarabağı qaytara bilməyəcəkdik…”
Hazırladı: Elmir Heydərli
17:50 26.07.2025
Oxunuş sayı: 8493