İqtsadi gəlirlərimizdən məhrum oluruq , çünki...
Qlobal enerji bazarında sürətlə dəyişən tendensiyalar fonunda yaşıl enerji artıq təkcə ekoloji deyil, həm də iqtisadi və geosiyasi alətə çevrilib. Dünyanın aparıcı dövlətləri karbon emissiyalarını azaltmaq və enerji təhlükəsizliyini gücləndirmək məqsədilə milyardlarla dolları bərpa olunan enerji layihələrinə yönəldirlər. Azərbaycan da bu prosesdə öz yerini tutmağa çalışır və Xəzər dənizinin zəngin külək potensialını gələcəyin strateji resurslarından biri hesab edir.
Qeyd edək ki, ölkənin iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji potensialı 27 min meqavat, Xəzərin Azərbaycan sektorunda dəniz külək enerjisi potensialı isə 157 giqavat səviyyəsində qiymətləndirilir. Azərbaycan hökuməti yaxın illərdə yaşıl enerjinin payını əhəmiyyətli dərəcədə artırmağı və bu sahəni yeni ixrac istiqamətinə çevirməyi hədəfləyir. Bununla belə, əsas məsələ yalnız yeni stansiyaların tikilməsi deyil, yatırılan investisiyaların iqtisadi səmərəliliyinin təmin olunmasıdır. Bəs Azərbaycanın yaşıl enerji strategiyası ölkə iqtisadiyyatına gözlənilən faydanı verəcəkmi?
Bu barədə Crossmedia.az-a açıqlama verən iqtisadçı Elçin Rəşidov vurğulayıb ki, 2020-ci ildə Azərbaycan yaşıl enerjini ixrac etsə də, ümumilikdə ölkədə enerji istehsalında yaşıl enerjinin payı çox azdır və bu sahədə səmərəlilik problemi mövcuddur:

"Yerli və dövlət şirkətləri istehsal həyata keçirəndə çox vaxt səmərəsiz fəaliyyət göstərirlər və nəticədə iqtisadi itkilər müşahidə olunur. Yaşıl enerji Azərbaycan iqtisadiyyatı üçün həddindən artıq zərərlidir. Çünki burada iş iqtisadi maraqlar naminə deyil, onu istehsal edən qurumun maraqları naminə görülür və nəticədə iqtisadiyyat uduzur".
Müsahibimizin sözlərinə görə, həmin qurumun əməkdaşları hansısa formada irəli düşür, amma iqtisadiyyat ciddi şəkildə zərər görür:
" Bunun nəticəsidir ki, külək enerjisi qurğuları, yaxud günəş enerjisi panelləri və s. quraşdırılır, amma onlardan enerji alınmır. Demək olar ki, onların qurulmasında sanki kimlərsə maraqlıdır. Sonra iqtisadiyyat həmin layihələrdən enerji gözləyəndə onu əldə etmir. Bu, məsələnin bir tərəfidir.
Digər tərəfdən, qərarlar qəbul edilərkən əvvəlcədən məlum olur ki, bu enerjinin, yəni külək enerjisinin qiyməti çox baha başa gələcək. Layihələr pis və yanlış dizayn olunur, iqtisadiyyat üçün zərərli formada planlaşdırılır. Hətta həmin layihələr işləsə belə, iqtisadiyyata zərər vuracaq. Çünki əvvəlcədən yanlış investisiyalar edilir, sonradan isə onları heç işlətmirlər.
Azərbaycanda yaşıl enerji ilə bağlı həm Energetika Nazirliyi, həm də İqtisadiyyat Nazirliyi bu məsələdə lap əvvəldən günahkardır. Çünki İqtisadiyyat Nazirliyi də bütün investisiyalara məsuliyyət daşıyır. Əgər ixrac olsaydı və bu enerji inkişafı iqtisadiyyat üçün səmərəli olsaydı, biz deyərdik ki, nə gözəl, ixrac gəlirlərimiz diversifikasiya olunur və neft-qaz gəlirlərindən əlavə enerji sektorunda qeyri-neft istiqaməti formalaşır.
Ən azından yaşıl enerjini ixrac etməsək belə, onu ölkə daxilində istifadə etməliyik. İstifadə olunan enerjinin tərkibində yaşıl enerjinin payı artmalıdır. Ən azından bunu görmək istəyərdik. Yəni fərqi yoxdur, enerji ixrac olunur, yoxsa yox. Əsas məsələ ölkə daxilində istifadə olunan və istehsal edilən yaşıl enerjinin miqdarıdır. O, həm ixrac oluna, həm də ölkə daxilində istifadə edilə bilər. Son nəticədə məsələ eynidir. Əsas odur ki, onun payı artsın. Belə olarsa, təbii ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyası baş verər.
Əgər enerji ixrac olunursa, bu, ixracın diversifikasiyası deməkdir. Amma ixracın olması üçün əvvəlcə ölkə daxilində istehsal çox böyük olmalıdır. Azərbaycanın ümumi enerji istehsalında yaşıl enerjinin payı artmayınca, yaşıl enerjinin ümumi enerji sisteminə əlavə olunması və onun bir hissəsinin ixrac edilməsi məsələyə tam düzgün yanaşma deyil.
Əsas məqsəd ümumi elektrik enerjisi istehsalında yaşıl enerjinin payını artırmaq və daha sonra onu ixrac etmək olmalıdır".
İqtisadçı hesab edir ki, mətbuata təqdim olunan məlumatlar fonunda Energetika Nazirliyinin bəzi açıqlamaları diqqəti əsas problemlərdən yayındıran və müəyyən qədər manipulyativ xarakter daşıyan yanaşmalar təsiri bağışlayır:
"Enerjinin ixracı üçün dənizaltı kabel layihələri, dənizdən enerji götürüləcəksə digər infrastruktur layihələri, regionlararası enerji ötürücüləri və dəhlizlər vacibdir. Bu cür layihələrin həyata keçirilməsi çox önəmlidir. Söhbət ümumilikdə elektrik enerjisinin ixracından gedir. Hazırda bu sahəyə beynəlxalq şirkətlərin cəlb olunması daha geniş tətbiq edilir. Bunun bir tərəfdən müsbət cəhəti odur ki, yerli qurumlar, bayaq qeyd etdiyim kimi, bu işi iqtisadi baxımdan səmərəsiz həyata keçirə bilərlər. Digər tərəfdən isə mənfi məqam ondan ibarətdir ki, biz idarəetmə problemlərimizi aradan qaldırmırıq, məsuliyyəti öz üzərimizə götürmürük. Deyirik ki, öz idarəetməmiz qeyri-şəffaf qalsın və qoyaq xaricilər gəlib bu işi görsünlər. Nəticədə isə mənfəəti də xarici investorlar əldə edirlər. Əslində bu, çox da mürəkkəb sektor deyil və biz bunu özümüz bacarmalı idik. Əgər özümüz həyata keçirə bilsəydik, yaranan mənfəət də ölkədə qalardı. İstər elektrik enerjisinin ixracından, istər daxili istehlakından, istərsə də ümumilikdə istehsalından əldə olunan gəlirlər ölkə iqtisadiyyatına xidmət edərdi. Hazırda isə həmin mənfəət müxtəlif mexanizmlərlə xaricə ötürülür. Buna görə də idarəetmə sistemini dəyişmək lazımdır. Bu vəziyyətlə barışmaq olmaz.
Biz sırf ona görə iqtisadi gəlirlərimizdən məhrum oluruq ki, iqtisadi sistemi, istehsal münasibətlərini və digər sahələri dəyişmək istəmirik. Nəticədə ölkədə heç bir sektor və biznes lazımi səviyyədə inkişaf etmir, hər şey xarici şirkətlərin ümidinə qalır. Maliyyə qoyuluşu da, texnologiya da əsasən xarici şirkətlərdən asılı vəziyyətə düşür.
Əgər bunu özümüz edə bilsəydik, enerji istehsalı, enerji təhlükəsizliyi və digər mühüm məsələləri daha effektiv şəkildə həll edə bilərdik. Ümumiyyətlə, hesab edirik ki, yaşıl enerji sahəsində Azərbaycanın qonşu ölkələrlə müqayisədə ciddi üstünlüyü yoxdur. Yəni bizim etdiyimiz işi onlar da edə bilərlər və bunun üçün əlavə enerji kabellərinə və digər xüsusi layihələrə ehtiyac olmaya bilər.
Bəzi ölkələrin günəş enerjisində, bəzilərinin külək enerjisində, digərlərinin isə su enerjisində müqayisəli üstünlükləri olur və onlar bundan yararlanırlar. Ən yaxşı halda həmin yaşıl enerji mənbələri yerli ehtiyacların ödənilməsinə xidmət edir və ənənəvi enerji mənbələrini əvəz edir. Əgər qonşu ölkələr hansısa səbəbdən bu enerjidən özləri istifadə edə bilmirlərsə, biz onu ixrac edə bilərik. Amma bu, o qədər də dayanıqlı və perspektivli istiqamət kimi görünmür. Çünki qeyd etdiyim kimi, bizim onlardan fərqli, uzunmüddətli və dayanıqlı müqayisəli üstünlüyümüz mövcud deyil".
Fatimə Məmmədova
18:29 06.06.2026
Oxunuş sayı: 58