Frankfurtda malyariyadan daha bir nəfər öldü
Frankfurt am Maynda hava limanının yaxınlığında malyariyaya yoluxan şəxslərdən biri xəstəlikdən dünyasını dəyişib. Şəxsin daha əvvəl malyariyanın geniş yayıldığı ərazilərə səfər etmədiyi və Frankfurt hava limanında işləmədiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, “Anadolu” bu barədə məlumat yayıb.
Mərhum Şvanhaym rayonunda yaşayan və bu həftənin əvvəlində qeydə alınan iki yeni xəstədən biri olub. Hər iki şəxsdə Plasmodium falciparum törədicisi aşkarlanıb və səhiyyə orqanları infeksiyanın hava limanına uçuşla gətirilmiş yoluxmuş ağcaqanad vasitəsilə yayıldığını ehtimal edir.
Beləliklə, Frankfurt hava limanı ilə əlaqəli malyariya hallarından ölənlərin sayı bu il üçə çatıb. Yay aylarında hava limanının operatoru “Fraport”un altı əməkdaşı malyariyaya yoluxub, onlardan ikisi vəfat edib.
Frankfurt Səhiyyə İdarəsi “hava limanı malyariyası”nı malyariyanın endemik olmadığı ərazilərdə yoluxmanın çox nadir forması kimi qiymətləndirir. Qurumun məlumatına görə, bu halda insandan insana yoluxma baş vermir; xəstəlik yalnız yoluxmuş Anopheles ağcaqanadlarının dişləməsi ilə ötürülür.
05:32 18.09.2026
Oxunuş sayı: 43