Azərbaycan ərazisinin İsrail tərəfindən istifadə edilməsində məqsəd bu imiş
Medianın İnkişafı Agentliyi (MEDİA) məlumatına görə, xarici informasiya resurslarında iyunun 5-də yayımlanan İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddialar heç bir fakta istinad etmədən tirajlanan kobud manipulyasiyadır.
Bildirilib ki, bu kobud manipulyasiya nümunəsi olmaqla dezinformasiya xarakteri daşıyır və beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa və regionda gərginlik yaratmağa hesablanıb.
Müasir dövrdə regional geosiyasi mübarizənin və informasiya savaşının kəskinləşməsi fonunda Azərbaycana qarşı müxtəlif manipulyasiya cəhdləri xüsusilə aktual hesab olunur. Eyni zamanda, bu cür dezinformasiya xarakterli proseslərin regionda marağı olan müxtəlif aktorlar tərəfindən ictimai rəyi çaşdırmaq məqsədilə dövriyyəyə buraxıldığı müşahidə edilir.
Mövzu ilə bağlı BDU-nun Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu Crossmedia.az-a açıqlama verib:

“Bu cür dezinformasiyaların yayılması ilk növbədə regional geosiyasi mübarizənin və informasiya savaşının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Məqsədlərdən biri Azərbaycanı İsrail-İran qarşıdurmasının bir tərəfi kimi təqdim etməkdir. Belə bir təsəvvür yaratmaqla həm İran ictimai rəyində Azərbaycana qarşı mənfi münasibət formalaşdırmağa, həm də iki qonşu ölkə arasında son dövrdə müşahidə olunan normallaşma prosesinə zərbə vurmağa çalışırlar.
Digər mühüm məqam Azərbaycanın beynəlxalq nüfuzunun hədəfə alınmasıdır. Azərbaycanın regionda yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir ki, həm İsrail, həm İran, həm də digər regional və qlobal aktorlarla münasibətləri qorumağa nail olub. Bu səbəbdən Azərbaycanı hansısa hərbi əməliyyatların iştirakçısı kimi təqdim etmək onun vasitəçi və etibarlı tərəfdaş imicinə kölgə salmağa yönəlmiş cəhd kimi görünür".
O bildirib ki, bu iddialar regionda yeni gərginlik ocaqları yaratmağa hesablanmış informasiya əməliyyatının elementi kimi də qəbul oluna bilər: "İsrail-İran qarşıdurması təkcə hərbi meydanda deyil, informasiya məkanında da davam edir. Müxtəlif tərəflər ictimai rəyə təsir göstərmək, yeni narrativlər formalaşdırmaq və rəqiblərinə qarşı siyasi üstünlük əldə etmək üçün media resurslarından istifadə edirlər. Azərbaycanın adının bu prosesə cəlb edilməsi də məhz belə bir strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Azərbaycan ərazisinin İsrail tərəfindən istifadə edilməsi ilə bağlı iddiaların əsas məqsədi Azərbaycanın neytral mövqeyini şübhə altına almaq, Bakı-Tehran münasibətlərində etimadsizlik yaratmaq, ölkənin beynəlxalq nüfuzuna zərbə vurmaq və regionda əlavə siyasi gərginlik formalaşdırmaqdır. Məhz buna görə də bu cür məlumatlara yalnız xəbər kimi deyil, geosiyasi və informasiya mübarizəsinin bir elementi kimi yanaşmaq doğru olardı”.
Ayxan İbişov
19:16 06.06.2026
Oxunuş sayı: 54