Britaniyanın Baş naziri: "Brexit" uğursuz oldu
Böyük Britaniyanın Baş naziri Endi Börnham ölkəsinin Avropa İttifaqından (Aİ) ayrılmasının gözlənilən nəticələri vermədiyini və bu prosesdən qazandığından daha çox itirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, "Reuters" agentliyi bu barədə məlumat yayıb.
Baş nazir noyabrın 16-da Londonda xarici siyasətlə bağlı çıxışında "Brexit"in iqtisadi və siyasi nəticələrinin açıq şəkildə müzakirə olunmasının vacibliyini vurğulamağı planlaşdırır.
Börnhamın sözlərinə görə, Britaniyanın Aİ-dən ayrılması ölkəyə vəd edilən faydaları təmin etməyib, əksinə, iqtisadi münasibətlərdə əlavə çətinliklər yaradıb.
Baş nazir noyabrın 20-də Brüsseldə keçiriləcək sammitdə Aİ ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş yeni razılaşmalar əldə etməyi hədəfləyir.
Danışıqlarda əsas diqqət ərzaq və kənd təsərrüfatı məhsullarının ticarətində maneələrin azaldılmasına, eləcə də gənclərin Britaniya və Aİ ölkələri arasında yaşamaq və işləmək imkanlarının genişləndirilməsinə yönəldiləcək.
Börnham hesab edir ki, bu addımlar istehlak xərclərinin azalmasına və Britaniya şirkətlərinin Avropa bazarlarına çıxışının asanlaşmasına kömək edə bilər.
Baş nazir həmçinin ölkəsinin Aİ ilə uzunmüddətli münasibətlərinin daha geniş şəkildə yenidən qiymətləndirilməsinin tərəfdarıdır.
Bununla belə, o, hakim Leyboristlər Partiyasının 2024-cü il seçki proqramında nəzərdə tutulan öhdəliklərə əməl olunacağını bildirib.
Həmin öhdəliklər Britaniyanın Aİ-nin vahid bazarına və gömrük ittifaqına qayıtmamasını, eləcə də sərbəst hərəkət rejiminin bərpa edilməməsini nəzərdə tutur.
Qeyd edək ki, Böyük Britaniya 2016-cı ildə keçirilən referendumdan sonra 2020-ci ildə Avropa İttifaqından rəsmən ayrılıb.
10:54 16.11.2026
Oxunuş sayı: 92