Azərbaycanda 1100-dən çox Gürcüstan vətəndaşı ali təhsil alır
Gürcüstanın 1 100-dən artıq vətəndaşı Azərbaycanda ali təhsil alır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev Tbilisidə keçirilən Gürcüstan–Azərbaycan Rektorlar Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan xalqlarını çoxəsrlik dostluq, mehriban qonşuluq və səmimi münasibətlər birləşdirir. Ölkələr arasında enerji, nəqliyyat və iqtisadiyyat sahələrində formalaşmış strateji tərəfdaşlıq regional inkişafa mühüm töhfə verir.
Nazir müavini hesab edir ki, elm və təhsil sahəsində əməkdaşlıq da bu strateji tərəfdaşlığın əsas istiqamətlərindən birinə çevrilməlidir.
İ.İsayev qeyd edib ki, Azərbaycanda təhsil alan 1 100-dən artıq Gürcüstan vətəndaşı mühəndislik, iqtisadiyyat, idarəetmə, humanitar və sosial elmlər, tibb, təhsil və digər istiqamətlər üzrə mütəxəssis kimi hazırlanır.
O bildirib ki, iki ölkə arasında təhsil əlaqələrinin zəngin tarixi ənənələri var. Tbilisi tarixən Cənubi Qafqazın mühüm elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olub. Burada fəaliyyət göstərən təhsil müəssisələri Azərbaycan alimlərinin və ictimai xadimlərinin formalaşmasında mühüm rol oynayıb.
Nazir müavini 2022-ci il fevralın 21-də Tbilisidə Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığa dair imzalanmış sazişin bu əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, ötən il iki ölkənin yeddi ali təhsil müəssisəsi arasında yeddi əməkdaşlıq memorandumu imzalanıb. Gürcüstan–Azərbaycan Rektorlar Konfransı çərçivəsində də universitetlər arasında yeni əməkdaşlıq memorandumlarının imzalanması nəzərdə tutulur.
İ.İsayev Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində gürcü dilinin tədris olunmasını iki ölkə arasında dil və mədəniyyət əlaqələrinin inkişafına verilən önəmin göstəricisi kimi qiymətləndirib. O, müasir dövrdə ali təhsil sistemlərinin süni intellekt, yeni texnologiyalar, əmək bazarındakı dəyişikliklər və yaşıl iqtisadiyyata keçid kimi çağırışlarla üzləşdiyini diqqətə çatdırıb. Bildirib ki, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqat potensialının gücləndirilməsi və universitetlərin beynəlxalq rəqabət qabiliyyətinin artırılması hər iki ölkə üçün ortaq prioritetlərdir.
Azərbaycanın ali təhsil sistemində aparılan islahatlara toxunan nazir müavini qeyd edib ki, ölkədə birgə və ikili diplom proqramlarının genişləndirilməsinə, universitetlərin modernləşdirilməsinə, eləcə də universitetlərlə sənaye sektoru arasında əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilir.
İ.İsayev gələcək əməkdaşlıq üçün beş əsas istiqamətin müəyyənləşdirilməsini təklif edib. Birinci istiqamət kimi birgə təhsil proqramlarının inkişafını, xüsusilə magistratura səviyyəsində ikili diplom proqramlarının yaradılmasını qeyd edib.(Report)
10:52 16.11.2026
Oxunuş sayı: 82