Torpağa basdırılan milyonlar: Macarıstanda böyük korrupsiya araşdırması
Macarıstan hakimiyyəti meşələrdə, anbarlarda və yaşayış evlərində gizlədilmiş, ümumi dəyəri 20 milyon dollara yaxın olan nağd pul aşkar edib. Vəsaitlər keçmiş milli inkişaf naziri Mikloş Şeştakla bağlı korrupsiya araşdırması çərçivəsində müsadirə olunub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstan hökumətinin yeni yaratdığı Aktivlərin Qaytarılması və Mühafizəsi üzrə Milli İdarənin məlumatına görə, axtarışlar iki gün ərzində Budapeştdə və ölkənin üç bölgəsində aparılıb.
Əməliyyat zamanı meşədə torpağa basdırılmış, kənd təsərrüfatı tikililərində, anbarlarda və yaşayış evlərində gizlədilmiş böyük məbləğdə nağd pul aşkarlanıb. Vəsaitin bir hissəsi ucqar ərazidə yerləşən bahalı seyfdə saxlanılıb.
Müsadirə olunan pullar arasında 5,07 milyard Macarıstan forinti (təxminən 13,3 milyon avro), 2,66 milyon avro və 1,26 milyon ABŞ dolları olub.
Maliyyə naziri Andraş Karman bildirib ki, Macarıstan Dövlət Xəzinədarlığının 12 əməkdaşı əskinasları beş sayma aparatının köməyi ilə səkkiz saat ərzində hesablayıb.
Hakimiyyət orqanları müsadirə edilən vəsaitin artıq Dövlət Xəzinədarlığının hesabına köçürüldüyünü açıqlayıb.
Mikloş Şeştak 2014–2018-ci illərdə milli inkişaf naziri vəzifəsində çalışıb. O, 37 milyon dollardan artıq rüşvət və qanunsuz komissiya haqqı almaqda şübhəli bilinir.
İstintaqın versiyasına görə, pul dövlətə məxsus nəqliyyat şirkətlərinin işlənmiş avtobusları şişirdilmiş qiymətlərlə satın alması, eləcə də dövlət tikinti layihələri ilə əlaqəli olub.
Keçmiş nazir sentyabrın sonunda saxlanılıb. O, ittihamları qəbul etmir. Vəkili Qabor Pap isə aşkar edilən pullarla bağlı jurnalistlərin şərh sorğusuna hələ cavab verməyib.
Macarıstanın Baş naziri Peter Magyar aşkarlanan vəsaiti Viktor Orbanın hakimiyyəti dövründə baş verdiyi ehtimal olunan korrupsiya ilə mübarizədə dönüş nöqtəsi adlandırıb.
O, "Facebook" səhifəsində paylaşım edərək bu tapıntının "Fides – Xristian Demokrat Xalq Partiyası mafiyasının rəsmi sonu" olduğunu bildirib. Magyar bu ifadə ilə əvvəlki hakim koalisiyanı nəzərdə tutub.
Aprel ayında Magyara məxsus, Avropa ilə daha sıx əməkdaşlığı dəstəkləyən "Tisza" Partiyası parlament seçkilərində inamlı qələbə qazanaraq Orbanın 16 illik hakimiyyətinə son qoyub.
Yeni hökumət əvvəlki hakimiyyətlə Avropa İttifaqı arasında uzun illər davam edən fikir ayrılıqları nəticəsində pisləşmiş münasibətləri bərpa etməyi vəd edib.
Qeyd edək ki, Magyar hökumətinin yaratdığı antikorrupsiya qurumu ehtimal olunan korrupsiya hallarını və dövlət vəsaitlərindən qanunsuz istifadəni araşdırmaq üçün istintaq və prokurorluq səlahiyyətləri əldə edib.
17:11 14.11.2026
Oxunuş sayı: 135