ABŞ-də bomba həyəcanı: İki şəhərdə təxliyə elan edilib
ABŞ-nin İllinoys ştatında yerləşən zavodda partlayıcı qurğunun aşkarlanması iki şəhərin bəzi ərazilərində genişmiqyaslı təxliyəyə səbəb olub.
Crossmedia.az xəbər verir ki, “CBS News” bu barədə məlumat yayıb.
Hadisə noyabrın 13-də Peoriya şəhərində yerləşən “BioUrja Renewables” etanol istehsalı müəssisəsində baş verib.
Zavodda şübhəli bağlamanın aşkarlanmasından sonra polis Peoriya və qonşu Şərqi Peoriya şəhərlərinin bəzi ərazilərində məcburi təxliyə qərarı qəbul edib.
Təhlükəsizlik tədbirləri çərçivəsində müəssisədən 1,6 kilometr radiusda yerləşən yaşayış evlərinin və iş yerlərinin boşaldılması tələb olunub.
Peoriya şəhərinin meri Rita Əli partlayıcı qurğunun aşkarlandığını təsdiqləyərək vəziyyətin ciddi təhlükə kimi qiymətləndirildiyini bildirib.
Şərqi Peoriyanın meri Con Kal isə sakinləri təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.
Hadisə yerinə polis, xüsusi təyinatlı partlayıcı maddələrin zərərsizləşdirilməsi mütəxəssisləri və federal qurumların əməkdaşları cəlb olunub.
Polisin məlumatına görə, aşkarlanan partlayıcı qurğu noyabrın 13-də yerli vaxtla saat 21:15 radələrində zərərsizləşdirilib.
Bununla belə, müəssisənin ərazisində əlavə təhlükələrin olub-olmadığını müəyyənləşdirmək üçün axtarışlar davam etdirildiyindən təxliyə tədbirləri qüvvədə saxlanılıb.
Hadisənin səbəbləri və mümkün təqsirkarlarla bağlı araşdırma aparılır.
14:35 14.11.2026
Oxunuş sayı: 150