Ermənistan Rusiyaya qarşı bəyannaməyə qoşulmayıb
Ermənistan İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısında qəbul olunan və Rusiyanın fəaliyyətini tənqid edən Avropa təhlükəsizliyinə dair bəyannaməyə qoşulmayıb.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə məlumat yayıb.
Noyabrın 12-də keçirilən sammit çərçivəsində Fransanın təşəbbüsü ilə hazırlanan sənəddə Avropanın təhlükəsizliyinin əsas prinsipləri müəyyənləşdirilib.
Bəyannamədə Rusiyanın Avropaya qarşı hibrid fəaliyyətinin gücləndiyi bildirilir. Sənəddə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunur.
Bununla yanaşı, terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizə məsələləri də sənəddə əksini tapıb.
Məlumata görə, bəyannaməyə Almaniya, Ukrayna, Böyük Britaniya, İspaniya və digər Avropa ölkələri qoşulub.
Ümumilikdə 39 ölkənin dəstəklədiyi sənədə Ermənistanla yanaşı, Azərbaycan, Türkiyə, Serbiya və bir sıra digər dövlətlər də qoşulmayıb.
Ermənistanın bəyannaməyə qoşulmaması ölkənin Avropa İttifaqı ilə münasibətlərini genişləndirdiyi bir dövrə təsadüf edir.
16:08 13.11.2026
Oxunuş sayı: 136