Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər
Avropa liderləri Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəklərini təsdiqləyib, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüşdən sonra əldə olunmuş əhəmiyyətli irəliləyişi qeyd edib, iki ölkə xalqlarının və bütün regionun maraqları naminə münasibətlərin normallaşdırılması istiqamətində səyləri davam etdirməyə çağırıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa Siyasi Birliyinin Dublində keçirilən 9-cu Sammiti çərçivəsində Ermənistana Əsas Dəstək Qrupunun (Core Group of Support to Armenia) liderləri və nümayəndələrinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.
"Biz həmçinin Ermənistan və Azərbaycan arasında sülh prosesini və 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüşdən sonra əldə olunmuş əhəmiyyətli irəliləyişi, eləcə də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesini dəstəkləyirik", - sənəddə qeyd olunub.
Görüş iştirakçıları vurğulayıblar ki, beş ay əvvəl Ermənistanda keçirilmiş parlament seçkiləri Rusiyanın "çoxşaxəli müdaxiləsinə" baxmayaraq, erməni xalqının sülh, demokratiya və Avropa ilə daha sıx əlaqələr lehinə seçimini nümayiş etdirib.
Avropalı tərəfdaşlar Ermənistanın iqtisadi əlaqələrinin, ilk növbədə, ticarət və energetika sahələrində şaxələndirilməsinə dəstəyi davam etdirmək niyyətindədirlər. Sənəddə Aİ-nin ittifaq ölkələrinə Ermənistan ixracının 80 %-nə rüsumların tətbiqini dayandırmaq qərarı qeyd olunur.
Bundan əlavə, görüş iştirakçıları erməni xalqının Avropaya inteqrasiya istəyini, ölkənin demokratik təsisatlarının möhkəmləndirilməsini və iqtisadiyyatının inkişafını, eləcə də Ermənistanın regional nəqliyyat-kommunikasiya şəbəkələrinə və beynəlxalq ticarət axınlarına daxil edilməsini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Görüşdə Estoniya, Fransa, Litva, Böyük Britaniya, Almaniya, Norveç və Polşa nümayəndələri və Aİ liderləri iştirak ediblər.
20:24 12.11.2026
Oxunuş sayı: 43