Tramp Meksikanı bununla hədələdi
ABŞ Prezidenti Donald Tramp Meksikanı şimala, Birləşmiş Ştatlara doğru hərəkət edən mindən çox miqrantın qarşısını almayacağı təqdirdə bu ölkədən idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib.
Crossmedia.az xəbər verir ki, ABŞ Prezidenti sosial şəbəkədə bu barədə yazıb.
“Yenə başladılar. Onlar ABŞ-yə buraxılmayacaqlar. Meksika onları dərhal dayandırmalıdır. Əgər bunu etməsə, Meksikadan idxal olunan mallara tətbiq edilən gömrük rüsumları dərhal ikiqat artırılacaq. Meksika, Texas qubernatoru, Texasın çox liberal yeni qubernatoru, bizim möhtəşəm sərhəd xidmətimiz, İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) bundan xəbərdardır. Heç kimə güzəşt edilməyəcək!”, - o bildirib.
Əsasən Mərkəzi Amerika ölkələrindən olan təxminən 1500 miqrantdan ibarət qrup çərşənbə axşamı Qvatemala sərhədi yaxınlığında Meksikanın cənubundakı Tapaçula şəhərindən yola düşüb. “Reuters” agentliyinin yazdığına görə, miqrantlar ABŞ-də keçirilən aralıq seçkilərində Demokratlar Partiyasının qələbəsinin onlara Birləşmiş Ştatlara köçmək, orada yaşamaq və işləmək üçün daha geniş imkanlar yaradacağına ümid edirlər.
Trampın miqrant karvanı ilə bağlı hədələri iyul ayında ABŞ, Meksika və Kanada arasında ticarət sazişinin müddətini uzatmaqdan imtina etməsindən sonra Vaşinqtonla Mexiko arasında yeni ticarət sazişinə dair danışıqların aparıldığı bir vaxta təsadüf edib.
Tramp administrasiyasının sərt immiqrasiya siyasəti ABŞ-nin cənub sərhədinə miqrant axınını nisbətən dayandırıb. Nəticədə Meksikada miqrantlar üçün nəzərdə tutulan bir çox sığınacaq boşalıb.
20:19 12.11.2026
Oxunuş sayı: 32