ABŞ-də uğursuz edam ştatda prosedurları dayandırdı
ABŞ-nin Tennessi ştatında məhbusun edamı iki ölümcül dozadan sonra da nəticə verməyib və hadisə ştatda edam prosedurlarının dayandırılmasına səbəb olub.
Crossmedia.az xəbər verir ki, "BBC" bu barədə məlumat yayıb.
Texasda həyata keçirilən 500-ə yaxın edamı işıqlandıran jurnalist Maykl Qratsik bildirib ki, karyerası ərzində ölümcül inyeksiya zamanı iynələrin çıxaraq yenidən yerləşdirildiyi iki halın şahidi olub. Lakin onun sözlərinə görə, indiyədək heç vaxt edam prosedurundan sonra məhbusun sağ qaldığı hal qeydə alınmayıb.
Bu həftə Tennessi ştatında 50 yaşlı məhbus Krista Paykın edamı zamanı isə belə bir hadisə baş verib. İki ayrı dozada pentobarbital preparatı tətbiq edilməsinə baxmayaraq, Payk nəfəs almağa davam edib və hətta yüksək səslə xoruldadığı eşidilib.
76 yaşlı Qratsik bildirib ki, bu hadisəni tamamilə gözlənilməz hesab etməyib. O, Texasda jurnalist kimi çalışdığı onilliklər ərzində belə bir ehtimal barədə düşündüyünü deyib.
“Mənə elə gəlir ki, bunun baş verməsi sadəcə zaman məsələsi idi”, - Qratsik BBC-yə bildirib.
Tennessi ştatının edam protokoluna əsasən, ilk dozadan sonra məhbus ölmədikdə istifadə olunması üçün pentobarbital ilə doldurulmuş əlavə şprislər də hazırlanır. Lakin ikinci dozadan sonra məhbusun sağ qalması halında nə edilməli olduğu protokolda dəqiq göstərilmir.
Hadisədən sonra Tennessi qubernatoru Bill Li ştatda edamları dayandırıb və prosedurların müstəqil şəkildə araşdırılmasını tapşırıb.
Uğursuz edam prosedurları son on ildə daha çox diqqət mərkəzinə gəlib. Buna əsas səbəblərdən biri edam üçün istifadə olunan dərmanların çatışmazlığı olub. Bu vəziyyət bəzi ştatları dərmanların tərkibini dəyişməyə və daha az etibarlı mənbələrdən preparatlar əldə etməyə vadar edib.
Bəzi ABŞ ştatları isə alternativ olaraq odlu silahla edam üsulunu yenidən tətbiq edib.
22:27 02.10.2026
Oxunuş sayı: 51