Rusiyanın Avropaya hücum planları barədə açıqlama verildi
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyanın Avropa ölkələrinə mümkün hücumla bağlı konkret planlarının artıq hazırlandığını bildirib.
Crossmedia.az xəbər verir ki, Ukrinform bu barədə Andrey Sibigaya istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, Ukrayna və Avropa kəşfiyyat xidmətlərinin Rusiyanın ayrı-ayrı Avropa İttifaqı ölkələrinə mümkün hücumu ilə bağlı konkret məlumatları var. O bildirib ki, söhbət potensial hədəf kimi müəyyən dövlətlərin göstərildiyi işlənmiş ssenarilərdən gedir.
Sibiqa hansı ölkələrin və konkret hansı ssenarilərin nəzərdə tutulduğunu açıqlamayıb.
Ukraynanın xarici işlər naziri həmçinin Avropanın artıq Rusiya ilə qarşıdurma vəziyyətində olduğunu bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrində baş verən diversiya və sabotaj halları Rusiyanın Avropaya qarşı müharibəsinin bir hissəsidir.
Qeyd edək ki, Avropa rəsmiləri son dövrlərdə Rusiyanı sabotaj, kiberhücum və digər hibrid fəaliyyətlərdə ittiham ediblər. Bununla yanaşı, bəzi Avropa rəsmiləri Rusiyanın NATO ölkələrinə yaxın zamanda birbaşa hərbi hücum hazırladığına dair məlumatların olmadığını bildiriblər.
20:19 02.10.2026
Oxunuş sayı: 37