Zaqrebdə Azərbaycan mədəniyyəti gecəsi keçirilib
Xorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycan mədəniyyətinin, milli rəqslərinin və musiqi irsinin təqdim olunduğu xüsusi konsert proqramı keçirilib.
Crossmedia.az xəbər verir ki, Zaqrebdəki Vatroslav Lisinski konsert zalında Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə Azərbaycan musiqisi və rəqs sənətinə həsr olunmuş gecə təşkil edilib.
Tədbirdə Azərbaycanın Mədəniyyət naziri Adil Kərimli və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Konsert proqramında Azərbaycanın zəngin folklor və rəqs ənənələri ilə yanaşı, milli musiqi irsi ilə cazın sintezini nümayiş etdirən əsərlər təqdim olunub. Azərbaycanın tanınmış musiqiçiləri Emil Əfrasiyab və Ənvər Sadıqov da çıxış ediblər.
Zaqrebdəki proqramda ənənəvi Azərbaycan xalq rəqsləri ilə yanaşı, görkəmli Azərbaycan bəstəkarlarının musiqilərinə qurulmuş xoreoqrafik əsərlər də nümayiş olunub.
Azərbaycan mədəniyyəti gecəsində, həmçinin xalq artisti Tünzalə Ağayeva, Elnur Hüseynov və Samirə Əfəndi də çıxış ediblər.
Xatırladaq ki, ötən gün Zaqrebdə Xorvatiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi və təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib.
18:49 01.10.2026
Oxunuş sayı: 43