İrlandiyada şagirdlərə Anım Gününün tarixi əhəmiyyətindən danışılıb
İrlandiyada fəaliyyət göstərən “Əşrəf və Anna” Musiqi Məktəbində 27 Sentyabr - Anım Gününə və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən Vətən müharibəsinə həsr olunan tədbir keçirilib.
İştirakçılara 44 günlük Vətən müharibəsinin gedişi və Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olan şanlı Zəfərin əhəmiyyəti barədə geniş məlumat verilib. Azərbaycan Ordusunun göstərdiyi misilsiz şücaət və qəhrəmanlıqdan, əsgər və zabitlərimizin fədakarlığından bəhs olunub. Bildirilib ki, Vətən müharibəsində əldə edilən tarixi qələbə xalqımızın milli birliyinin, həmrəyliyinin və Vətən sevgisinin parlaq nümunəsidir.
Tədbirdə müxtəlif millətlərdən olan uşaqlar da iştirak edib. Onlar Azərbaycanın tarixi, mədəniyyəti, Vətən müharibəsi və 27 sentyabr tarixinin xalqımız üçün əhəmiyyəti barədə bilgilər əldə ediblər.
Sonda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin hər zaman dərin ehtiramla yad ediləcəyi vurğulanıb. Xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına göstərilən diqqət və dəstəyə, milli-mədəni dəyərlərin qorunması və təbliğinə, eləcə də gənc nəslin milli ruhda formalaşmasına verilən davamlı dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq ifadə olunub.
17:45 01.10.2026
Oxunuş sayı: 36