ABŞ-Çin ticarət müharibəsində yeni təzyiq vasitəsi
ABŞ administrasiyası Çinin ölkənin aviasiya təchizatçılarına olan asılılığından Çinlə ticarət danışıqlarında təsir vasitəsi kimi istifadə etməyə çalışır.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ Ticarət Nazirliyi son həftələrdə Çinə göndərilən təyyarə hissələrinin ixracına lisenziyaların verilməsini yavaşladıb. Nazirlik həmçinin eniş qurğuları və digər aviasiya komponentlərinin Çinə ixracını məhdudlaşdırmağa imkan verəcək yeni qaydalar üzərində işləyir.
Bu addımlar Vaşinqtonun Pekinlə ticarət danışıqlarında mövqeyini gücləndirmək cəhdləri fonunda atılır. ABŞ eyni zamanda avtomobil istehsalı, çip sənayesi və aviasiya üçün vacib olan nadir torpaq elementləri üzərində Çinin nəzarətini azaltmağa çalışır.
Mənbələrin bildirdiyinə görə, ABŞ rəsmiləri Çinin dövlət şirkəti COMAC-ın təyyarə hissələrini ehtiyatda toplamasının qarşısını almaq üçün ona verilən ixrac lisenziyalarının sayını da məhdudlaşdırırlar.
Pekin isə “Boeing” şirkətindən alacağı 200 təyyarə üçün bir neçə illik ehtiyat hissələri təminatına zəmanət istəyib. ABŞ tərəfinin isə bu zəmanəti verməyə ehtiyatla yanaşdığı bildirilir.
14:47 01.10.2026
Oxunuş sayı: 41