Əfqanıstana hava zərbələri: 9 mülki şəxs həyatını itirdİ
Pakistanın Əfqanıstana endirdiyi hava zərbələri nəticəsində 9 mülki şəxs ölüb, 11 nəfər yaralanıb. Əfqanıstandakı Taliban hökuməti zərbələrin Kunar və Hilmənd vilayətlərində yaşayış evlərinə endirildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, BBC bu barədə məlumat yayıb.
Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid ölənlər arasında qadın və uşaqların da olduğunu bildirib. Onun sözlərinə görə, hava zərbələri nəticəsində üç ev dağılıb.
Pakistanın İnformasiya Nazirliyi isə zərbələrin “terror düşərgələrinə” qarşı həyata keçirildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, əməliyyat zamanı 22 silahlı öldürülüb, həmçinin böyük miqdarda silah-sursat məhv edilib.
Pakistan hökuməti əməliyyatın əvvəlcədən planlaşdırıldığını və zərbələr zamanı mülki itkilərin qarşısını almaq üçün tədbirlər görüldüyünü bildirib. Tərəflərin itkilərlə bağlı məlumatları müstəqil şəkildə təsdiqlənməyib.
Pakistan uzun müddətdir Əfqanıstandakı Taliban hökumətini ölkəsində fəaliyyət göstərən silahlı qruplara sığınacaq verməkdə ittiham edir. Taliban isə bu ittihamları rədd edir və Pakistandakı silahlı hücumların ölkənin daxili problemi olduğunu bildirir.
İki ölkə arasında gərginlik son aylarda artıb. Çin vasitəçiliyi ilə əldə olunan atəşkəsə baxmayaraq, sərhədyanı qarşıdurmalar və hava zərbələri davam edir.
14:17 01.10.2026
Oxunuş sayı: 47