Sentyabrın əsas elmi kəşfləri açıqlandı
Sentyabr ayında kosmos və texnologiya sahəsində bir sıra mühüm elmi kəşflər və yeniliklər qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
Çin sentyabrın 25-də Aşağı Yer Orbitində qurduğu “Quowang” peyk internet şəbəkəsinin tərkibinə daxil olacaq peyklərin 26-cı qrupunu kosmosa göndərib. Peyklər Haynan adasındakı kommersiya kosmik aparat mərkəzindən “Long March 8A” raketi ilə orbitə çıxarılıb.
Peyklərin planlaşdırılan orbitə çatdırıldığı buraxılış “Long March” raketləri ilə həyata keçirilən 669-cu kosmik missiya olub.
Ayda nəhəng krater aşkarlandı
NASA-nın Ay Kəşfiyyat Orbit aparatı (LRO) Ayın səthində 2024-cü ilin mayında baş vermiş güclü toqquşma nəticəsində yaranan nəhəng krater aşkar edib.
Məlumata görə, asteroid və ya kometa parçasının Ayın görünən səthinə çırpılması nəticəsində yaranan kraterin diametri təxminən 222 metr, dərinliyi isə 43 metrdir.
Tomas MakGetçin adını daşıyan krater son dövrlərdə Günəş sistemində yaranması müşahidə edilən ən böyük toqquşma krateri kimi təqdim olunur. Onun diametri 10 il əvvəl LRO tərəfindən aşkar edilən əvvəlki rekord kraterdən təxminən üç dəfə böyükdür və Roma Kolizeyinin ölçüsünü də üstələyir.
1300-dən çox pulsar qeydə alınıb
Çinin “Beş yüz metrlik Apertur Sferik Teleskopu” (FAST) 2016-cı ildə fəaliyyətə başladıqdan sonra 1300-dən çox pulsar qeydə alıb.
Pulsarlar sürətlə fırlanan və güclü maqnit sahəsinə malik neytron ulduzlarıdır. Dünyanın ən böyük radio teleskopu hesab olunan FAST son 10 ildə digər teleskopların hamısından daha çox pulsar müşahidəsi həyata keçirib.
Teleskopun fəaliyyəti nəticəsində indiyədək 1300-dən çox pulsar aşkarlanıb.
06:05 01.10.2026
Oxunuş sayı: 42