Papanın nümayəndəsi Moskvaya səfər edib
Roma Papasının Ukrayna üzrə xüsusi nümayəndəsi, kardinal Matteo Zuppi sentyabrın 28-30-da Moskvaya səfər edib.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Rusiya XİN-in məlumatına görə, səfər çərçivəsində Zuppi Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov, insan hüquqları üzrə müvəkkil Yana Lantratova və prezident yanında uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova ilə görüşüb.
Nazirlik bildirib ki, Zuppiyə Ukraynada münaqişə ilə bağlı vəziyyət barədə ətraflı məlumat verilib. Həmçinin xüsusi nümayəndə ukraynalı hərbçilərin saxlanıldığı yerlərdən birinə baş çəkib və oradakı ukraynalılarla şəxsən görüşüb.
Rusiya XİN-in açıqlamasında Zuppinin səfər zamanı Rusiyanın humanitar normalara riayət etməsinə əmin olduğu qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl Roma Papası XIV Leo Rusiya və Ukraynaya müraciət edərək ölkə liderlərini danışıqlar masası arxasında oturmağa və dialoqa başlamağa çağırıb.
21:35 30.09.2026
Oxunuş sayı: 43