Powerbank partlaya bilər: Bu əlamətlərə diqqət edin
Powerbankların yanmasına batareyadakı istehsal qüsurları, zərbə və əzilmə, deşilmə, qısaqapanma, həddindən artıq qızma və uyğun olmayan şarj avadanlığından istifadə səbəb ola bilər. Bu amillər litium-ion batareyada nəzarətsiz qızma və zəncirvari kimyəvi reaksiyalar yaradaraq alışmaya, hətta batareya elementlərinin partlayaraq dağılmasına gətirib çıxara bilər. Powerbanklardan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etmək və cihazda hər hansı nasazlıq əlaməti müşahidə edildikdə ehtiyatlı davranmaq vacibdir.
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Samir Nəbiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, powerbanklardan istifadə zamanı düzgün saxlama və şarj qaydalarına əməl edilməlidir:

“Powerbankın yanmasına əsasən batareyadakı istehsal qüsurları, zərbə və əzilmə, deşilmə, qısaqapanma, həddindən artıq qızma və uyğun olmayan şarj avadanlığından isatifadə səbəb ola bilər. Bu amillər litium-ion batareyada nəzarətsiz qızma və zəncirvari kimyəvi reaksiyalar yaradaraq alışmaya, hətta batareya elementlərinin partlayaraq dağılmasına gətirib çıxara bilər. Riski azaltmaq üçün powerbankı günəş altında və isti avtomobildə saxlamaq, yataq, divan və yastıq üzərində şarj etmək olmaz. Cihaz sərin, quru yerdə saxlanılmalı, sərt və yanmayan səthdə, istehsalçının tələblərinə uyğun adapter və kabellə şarj edilməlidir. Şarjı gecə yatarkən və ya evdə heç kim olmadıqda nəzarətsiz saxlamaq tövsiyə edilmir. Powerbankın şişməsi, qeyri-adi dərəcədə qızması, kimyəvi qoxu, fısıltı və çırtıltı səsləri ciddi xəbərdarlıq əlamətləridir. Hələ tüstü və alov yoxdursa, istifadə dərhal dayandırılmalı və yalnız özünüzü təhlükəyə atmadan mümkündürsə, adapter elektrik şəbəkəsindən ayrılmalıdır. Şişmiş cihazı açmaq, deşmək və yenidən şarj etmək olmaz”.
Ekspert qeyd edib ki, tüstü və ya alov başlayıbsa, ilk məqsəd cihazı deyil, insanları qorumaqdır: “Ətrafdakıları xəbərdar etmək, təhlükəli sahədən çıxmaq, mümkündürsə çıxarkən qapını bağlamaq və təhlükəsiz yerdən FHN-in 112 xidmətinə zəng etmək lazımdır. Yanğını özünüz söndürməyə çalışaraq təxliyəni gecikdirmək olmaz. Yanan powerbankı əllə götürüb daşımağa çalışmayın və tüstüsünü nəfəsə çəkməyin. Ayrılan qazlar zəhərli və yanıcı ola bilər. Alovun görünməməsi də təhlükənin bitməsi demək deyil, çünki batareya yenidən alışa bilər. Tüstüdən zəhərlənmə və ya yanıq olduqda təcili tibbi yardım alınmalıdır”.
Nuray Mehtiyeva
18:26 29.09.2026
Oxunuş sayı: 37