Berlində 11-ci mərtəbədən ölümcül sıçrayış: qadını xilasedici belə tutdu
Berlin şəhərində yanğın zamanı qadın 11-ci mərtəbənin pəncərəsindən yanğınsöndürənlərin xilasetmə səbətinə tullanaraq həyatda qalıb.
Crossmedia.az xəbər verir ki, "NDTV" bu barədə məlumat yayıb.
Hadisə avqustun 14-də səhər saatlarında Berlinin Fridrixshayın rayonunda, Ostbahnhof dəmir yolu stansiyasının yaxınlığındakı çoxmərtəbəli yaşayış binasında baş verib.
Yanğın nəticəsində binanı tüstü bürüyüb və təxminən 115 sakinin təxliyəsinə ehtiyac yaranıb. Yanğınsöndürənlər onlarla sakini nərdivanlardan istifadə etməklə xilas ediblər.
Qadın isə yanan mənzilin pəncərəsindən çölə çıxaraq kömək gözləyib. Yanğınsöndürənlərin istifadə etdiyi xüsusi nərdivan yalnız təxminən 9-cu mərtəbəyə qədər çatdığından qadın xilasetmə səbətindən bir neçə metr yüksəklikdə qalıb.
Görüntülərdə qadının aşağı mərtəbəyə keçməyə çalışdığı, lakin təhlükəsiz yer tapa bilmədiyi görünür. Alov və tüstünün güclənməsi fonunda o, son anda xilasetmə səbətinin üzərinə tullanıb.
Qadın təxminən iki mərtəbə hündürlükdən düşərək səbətə enib və yanğınsöndürənlər tərəfindən tutulub. O, yüngül xəsarətlərlə xəstəxanaya aparılıb.
Hadisə zamanı binada yaşayan digər sakinlərin də xilas edildiyi bildirilib.
16:52 18.08.2026
Oxunuş sayı: 44