Çörək pulu qazanmaq istəyən 68 yaşlı qadın qəza qurbanı oldu
Türkiyənin Aydın vilayətinin Efeler rayonunda yol kəsişməsində salfet və su satan 68 yaşlı Günay Çimentepe avtomobil qəzası nəticəsində həyatını itirib.
Crossmedia.az xəbər verir ki, “Haber Global” bu barədə məlumat yayıb.
Qəza Mimar Sinan məhəlləsində, avtomobil yolunun kəsişməsində baş verib. Məlumata görə, E.Y.-nin idarə etdiyi 06 EMY 408 dövlət nömrə nişanlı yük avtomobili naməlum səbəbdən kəsişmədə salfet və su satdığı bildirilən Günay Çimentepeni vurub.
Zərbənin təsirindən ağır xəsarət alan qadın yerə yıxılıb. Hadisəni görən şəxslər 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Əraziyə təcili tibbi yardım və polis əməkdaşları göndərilib.
Hadisə yerinə gələn tibbi heyət Çimentepenin ürəyinin dayandığını müəyyən edib. Ürək masajından sonra qadın yenidən həyata qaytarılıb və Aydın Şəhər Xəstəxanasına aparılıb.
Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, 68 yaşlı qadını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.
Qəza ilə bağlı araşdırma davam etdirilir.
15:19 18.08.2026
Oxunuş sayı: 61