Güzəşt ləğv olundu - İkinci əl avtomobillər bahalaşacaq
Azərbaycanda avtomobil idxalının azalması avtomobil bazarında baş verən dəyişiklikləri yenidən gündəmə gətirib. Ötən il elektrik mühərrikli və hibrid avtomobillərə tətbiq olunan vergi güzəştlərinin müddətinin başa çatması həm alıcıların, həm də satıcıların davranışlarına ciddi təsir göstərib. Güzəştlərin 2025-ci il dekabrın 31-də başa çatacağını bilən vətəndaşlar avtomobil alışını sürətləndirib, satıcılar isə daha çox avtomobil idxal edərək ehtiyatlarını artırıblar. Nəticədə 2025-ci ildə avtomobil idxalında kəskin artım qeydə alınıb. Bu artımın müəyyən hissəsinin 2026-cı il üçün nəzərdə tutulan tələbatı əvvəlcədən qarşılaması isə cari ildə idxalın azalmasına səbəb olan amillərdən biri kimi qiymətləndirilir. Hazırda bazarda əvvəlcədən gətirilmiş kifayət qədər avtomobilin olması və alıcıların bir qisminin alışını ötən il həyata keçirməsi də idxalın azalmasına təsir göstərir.
İqtisadçı Xalid Kərimli Crossmedia.az-a açıqlamasında bildirib ki, avtomobil idxalının azalmasının əsas səbəblərindən biri ötən il elektrik mühərrikli və hibrid avtomobillərə tətbiq olunan vergi güzəştlərinin başa çatmasıdır:
“2025-ci il dekabrın 31-dək elektrik mühərrikli və hibrid avtomobillərə vergi güzəştləri tətbiq olunurdu. Vətəndaşlar da bilirdilər ki, həmin tarixdə vergi güzəştinin müddəti başa çatacaq. Çünki bu, üç il müddətinə verilmiş güzəşt idi. Ona görə də həm vətəndaşlar, həm də avtomobil satıcıları güzəştlərin başa çatacağını nəzərə alaraq ötən il avtomobil alışını və idxalını artırdılar. Satıcılar düşünürdülər ki, avtomobilləri daha ucuz qiymətə gətirib, sonradan qiymətlər bahalaşdıqda daha yüksək qiymətə sata bilərlər. Alıcılar isə başa düşürdülər ki, 2026-cı ildə qiymətlər 18 faiz arta bilər. Buna görə də daha bahalı qiymətə almaqdansa, avtomobili əvvəlcədən daha ucuz qiymətə almağa üstünlük verdilər. Məhz bu amil ötən il avtomobil idxalının kəskin artmasına gətirib çıxardı. Hazırda şəhərdə çoxlu sayda Çin avtomobil markası görürük. Çanqan, Haval və digər Çin markalarının sayının artması da bunun göstəricisidir".

İqtisadçı əlavə edib ki, ötən il idxalın kəskin artmasının əsas səbəbi vergi güzəştləri idi: " Bu il avtomobil almağı planlaşdıranların bir qismi də alış qərarını ötən il verdi. Eyni zamanda, satıcılar bu il satmaq üçün ötən il daha çox avtomobil gətirdilər. Hazırda isə bazarda kifayət qədər avtomobil var. Alıcıların bir hissəsi də avtomobillərini ötən il alıb. Ona görə də belə bir vəziyyət yaranıb. Bazardakı qiymətlərə bunun ciddi təsiri olmayacaq. Əsas təsir ikinci əl avtomobil bazarında müşahidə oluna bilər. İlkin bazara isə bunun təsiri necə olacaq? Avtomobil qiymətləri ölkə daxilində formalaşmır. Qiymətlər Çində, Avropada və digər istehsalçı ölkələrdə müəyyənləşir. Biz özümüz avtomobil istehsalçısı deyilik və avtomobilləri xaricdən idxal edirik. Bununla yanaşı, müharibə ilə əlaqədar logistika xərcləri də artır. Ona görə də avtomobil idxalının azalması ilkin bazarda avtomobillərin qiymətinin aşağı düşməsinə gətirib çıxarmayacaq. Çünki qiyməti istehsalçı müəyyənləşdirir, logistika xərcləri isə artır. İkinci əl avtomobil bazarında isə müəyyən qədər qiymət artımı olacaq. Xüsusilə daxiliyanma mühərrikli avtomobillərdə bu proses artıq ilin əvvəlindən tədricən müşahidə olunur. Ötən il daxiliyanma mühərrikli avtomobillərə tələbatı kəskin azaltmışdıq. Çünki alıcılar 30-35 min manata ikinci əl avtomobil almaqdansa, həmin vəsaitlə daha müasir, birinci əl Çin avtomobili almağa üstünlük verirdilər. Bu baxımdan, ötən il ikinci əl daxiliyanma mühərrikli avtomobillərə tələbat aşağı düşmüşdü. Onların qiymətləri ucuzlaşmış, likvidliyi azalmışdı. Avtomobil satıcıları da davamlı olaraq şikayət edirdilər ki, avtomobilləri sata bilmirlər, bazarda alıcı yoxdur. İndi isə həmin avtomobillərin bazarı müəyyən qədər yaxşılaşır. Gömrük rüsumları və vergilər, o cümlədən əlavə dəyər vergisi, təbii ki, rol oynayır. Birinci sualda bunun cavabını verdim, üçüncü sualda təkrar etməyim. Əlavə dəyər vergisi güzəştinin ləğv edilməsi bu ilki idxalın azalmasının səbəblərindən biridir və ötən il idxalın daha yüksək olmasının əsas səbəbidir. 2026-cı ildə də bu proses davam edəcək. 2027-ci ildən isə əvvəlki tempdə olmasa da, tədricən artım başlayacaq. Çünki satıcılar 2025-ci ildə anbarlarını və avtosalonlarını doldurmaq üçün gətirdikləri avtomobilləri satacaqlar və tədricən yeni qiymətlərə də adaptasiya olunacaq. 2027-ci ildən avtomobil idxalında tədricən artım başlayacaq”.
Zeynəb Həsən
14:20 18.08.2026
Oxunuş sayı: 97