Cahangir Səlimxanov: Müslüm Maqomayevin səsinin sehri hələ də yaşayır
SSRİ və Azərbaycanın Xalq artisti, görkəmli müğənni Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümü münasibətilə I Fəxri xiyabanda anım mərasimi keçirilib. Mədəniyyət nümayəndələri və tanınmış sənət xadimləri sənətkarın məzarını ziyarət edərək onun zəngin yaradıcılıq irsini və Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələri yad ediblər.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov Crossmedia.az-a açıqlamasında Müslüm Maqomayevin sənətinin illər keçməsinə baxmayaraq, öz cazibəsini qoruduğunu bildirib. O, sənətkarın doğum günündə onun xatirəsini yad etməyin mədəniyyət və incəsənət nümayəndələri üçün mənəvi borc olduğunu qeyd edib:
“Müslüm Maqomayevin ad günüdür. Neçə illərdir o, artıq həyatda yoxdur, amma biz həmişə musiqi xadimləri, ümumiyyətlə, incəsənət xadimləri olaraq özümüzə borc bilirik ki, bu günə gəlib onu yad edək. Mənim özüm üçün də onun yaradıcılığının sehrini anlatmaq çox çətindir. Nəyə görə o belə cazibəlidir, nəyə görə illər keçir, amma Müslüm Maqomayevə olan sevgi azalmır?”.
O, bu sevginin yalnız yaşlı nəslin nümayəndələri ilə məhdudlaşmadığını vurğulayıb. Müşavir bu baxımdan Moldovanın paytaxtı Kişinyovda Müslüm Maqomayevə həsr olunmuş konserti nümunə göstərib:
“Bu yayın əvvəlində Moldovanın paytaxtı Kişinyovda 40 yaşına çatmamış opera müğənnisi Anatoli Poxatnyuk Müslüm Maqomayevə həsr olunmuş tam konsert proqramı ilə çıxış etdi. Kişinyov operasında zal tam dolu idi, hətta biletlər bir həftə, 10 gün əvvəldən satılmışdı. Mən gördüm ki, auditoriyada yalnız yaşlı dinləyicilər yox idi. Gənc nəslin nümayəndələri də çox idi və müğənninin özü də xeyli gənc idi”.
Cahangir Səlimxanovun sözlərinə görə, bu fakt Müslüm Maqomayevin sənətinin nəsillər arasında yaşadığını göstərir:
“Bu, onu göstərir ki, Müslüm Maqomayevin cazibəsi, onun səsinin sehri hələ də yaşayır. Çünki onun səsi həm qürurlu, məğrur, eyni zamanda həddindən artıq həzin və mülayim idi. Bu səsin sehri bizi bu günə qədər öz ardınca apara bilir və biz hələ də onun ecazında yaşayırıq”.
Nigar Xəlilli
17:42 17.08.2026
Oxunuş sayı: 50