Müslüm Maqomayevin 84-cü ildönümü qeyd olunub
Avqustun 17-də SSRİ və Azərbaycanın Xalq artisti, əfsanəvi müğənni Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümü münasibətilə I Fəxri xiyabanda anım mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, mərasimdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət xadimləri, sənətkarın həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya və digər şəxslər iştirak ediblər. Müslüm Maqomayevin məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub.
Çıxış edənlər sənətkarın Azərbaycan və dünya musiqi mədəniyyətinə verdiyi misilsiz töhfələrdən, zəngin yaradıcılıq irsindən və doğma vətəninə bağlılığından söz açıblar.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Müslüm Maqomayevin yaradıcılığının Azərbaycanla yanaşı, dünya musiqi irsinin də ayrılmaz hissəsi olduğunu bildirib. O qeyd edib ki, sənətkarın ifa etdiyi mahnılar bu gün də yaşayır və onun irsi gələcək nəsillərə ötürüləcək.
Azərbaycanın Xalq rəssamı, heykəltaraş Ömər Eldarov Müslüm Maqomayevin Azərbaycan mədəniyyətində xüsusi yer tutduğunu vurğulayıb. O, sənətkarın xatirəsinə ucaldılmış abidənin müəllifi olmasından qürur duyduğunu bildirib.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov isə Müslüm Maqomayevi şəxsən tanıdığı üçün özünü xoşbəxt hiss etdiyini deyib və sənətkarın hər zaman xalqın qəlbində yaşayacağını vurğulayıb.
Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. O, məşhur Azərbaycan bəstəkarı Müslüm Maqomayevin nəvəsidir.
Sənətkar bir sıra beynəlxalq mahnı müsabiqələrində Azərbaycanı təmsil edib, birinci yerlərə və “Qızıl val” mükafatına layiq görülüb. Rəhbərlik etdiyi simfonik orkestr ilə keçmiş Sovet İttifaqının şəhərləri ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə konsertlər verib.
Müslüm Maqomayev 1964-cü ildə Azərbaycanın Əməkdar artisti, 1971-ci ildə Xalq artisti, 1973-cü ildə isə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb. Müstəqil Azərbaycanın dövlət mükafatlarından “Şöhrət” ordeni ilə 1997-ci ildə, “İstiqlal” ordeni ilə isə 2002-ci ildə təltif olunub.
Əfsanəvi sənətkar 2008-ci il oktyabrın 25-də vəfat edib. Onun adı və yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin yaddaşında yaşamaqda davam edir.
Nigar Xəlilli
17:38 17.08.2026
Oxunuş sayı: 54