Ermənistanda parlament seçkilərinə sayılı günlər qalıb: Azərbaycan vətəndaşları kimi dəstəkləyir? - SORĞU
İyunun yeddisində Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri regionda siyasi vəziyyəti əhəmiyyətli dərəcədə müəyyənləşdirəcək əsas hadisələrdən biridir. İndiki baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyası ilə müxalifətin əsas namizədləri (xüsusilə Samvel Karapetyan və digər millətçi qüvvələr) arasında keçəcək bu seçkilər Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Bakı şəhərində sakinlər arasında sorğu keçirdik. Sorğunun əsas məqsədi respondentlərin hansı namizəd və ya siyasi qüvvənin qələbəsini arzuladığını müəyyənləşdirməkdir.

Xumar Səfərova, alim: "Ermənistanda seçkilərə az qalıb. Azərbaycanı dəstəkləyən və ərazi bütövlüyünə hörmət edən kimdirsə, hansı partiyadırsa mən arzu edərdim o hakimiyyətə gəlsin. Eyni zamanda bizim dədə-baba torpaqlarımıza qayıtmağımızı və buna uyğun olaraq cənab prezidentimizin 24 dekabr 2022-ci ildə irəli sürdüyü “Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdır” fikrini Ermənistanda hansı rəhbər dəstəkləyir və bizə öz torpaqlarımıza qayıtmaq hüququ verəcəksə o seçilsin.

Şəkər Məmmədova, alim: "Mən Ermənistandakı seçkiləri izləyirəm. Amma nəticələri müstəqil Azərbaycan Respublikasına necə təsir edəcəyi bizim üçün sual doğurmayacaq. Çünki bu günki gündə hörmətli Ali Baş Komandanımızın siyasəti Ermənistandakı seçkilər və dünyadakı təlatümlərlə yaşamağa imkan vermir. Artıq bilirik ki, öz fikirlərimizi formalaşdırmışıq və öz gücümüzü dünyaya göstərmişik".

Fuad Şirinov, şəhər sakini: "Ermənistanda keçirilən növbədənkənar seçkilərdə Azərbaycanla razılaşdırılmış siyasi xətti davam etdirən rəhbərlərin seçilməsinin daha məqsədəuyğun olduğunu düşünürəm. Hazırda Azərbaycan və Ermənistan arasında razılaşdırılmış məsələlərin sonradan radikal addımlarla pozulması dövlətlərarası münasibətlərə zərər vura bilər".

Tunar Muxtarlı, şəhər sakini: "Bu gün Azərbaycan üçün ən uyğun namizədin Nikol Paşinyan olduğunu düşünürəm. Müharibədən sonra müəyyən razılıqlar əldə edilib, danışıqlar aparıb. Mənə elə gəlir ki, bütün danışıqların başa çatdırılması üçün də Paşinyanın seçilməsi şərtdir".

Ağa Rzazadə, şəhər sakini: "Bu gün Azərbaycan Ermənistan münasibətləri sülhə doğru gedir, iqtisadi münasibətlər qurulub. Bu münasibətlər Ermənistanın hazırki baş naziri Nikol Paşinyanla qurulub. Və, məncə, Paşinyan sülh istəyən yeganə liderdir və onun seçilməsi də vacibdir".
Ayhan
17:02 05.06.2026
Oxunuş sayı: 84