20 Yanvar hadisələri zamanı hansı insan hüquqları pozulub? - Açıqlandı
20 Yanvar faciəsi Azərbaycan xalqının müasir tarixində yalnız kütləvi zorakılıq aktı kimi deyil, fundamental insan hüquqlarının sistemli şəkildə pozulduğu qanlı bir səhifə kimi yadda qalıb. Həmin gecə dinc əhaliyə qarşı hərbi gücdən istifadə olunması yaşamaq hüququnun, şəxsi təhlükəsizliyin, fikir ifadə etmək və sərbəst toplaşmaq azadlıqlarının kobud şəkildə tapdanması ilə nəticələndi. Bu hadisələr beynəlxalq hüququn əsas prinsiplərinin açıq-aşkar pozulmasının bariz nümunəsinə çevrildi.
Eyni zamanda, 20 Yanvar yalnız hüzn və faciə ilə xarakterizə olunan tarix deyil, Azərbaycan xalqının azadlıq iradəsinin, milli ləyaqətinin və vətəndaş mövqeyinin sarsılmazlığını ortaya qoyan taleyüklü bir mərhələdir. Qorxu və təzyiq qarşısında geri çəkilməyən xalq həmin gecə öz gələcəyini seçdi və müstəqillik yolunda ağır, lakin şərəfli bir sınaqdan keçdi. Bu baxımdan, 20 Yanvar hadisələri təkcə bir gecənin faciəsi deyil, bütöv bir xalqın azadlıq uğrunda mübarizə salnaməsidir.
10 Yanvar faciəsinin hüquqi aspektləri barədə hüquqşünas Daşqın Qəmərov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Əvvəlcə, 20 Yanvar hadisələri zamanı şəhid olmuş bütün soydaşlarımıza, həmvətənlərimizə Allahdan rəhmət diləyirəm. Bu mövzuya verilən qiymət hüquqi baxımdan tam əsaslı və obyektivdir. Belə ki, insan hüquqları sahəsində fundamental beynəlxalq sənədlərdən biri olan İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarına nəzər saldıqda, 20 Yanvar hadisələri zamanı bir sıra əsas hüquqların kobud şəkildə pozulduğu açıq-aydın görünür. İlk növbədə, Konvensiyanın 2-ci maddəsində təsbit olunmuş yaşamaq hüququnun kütləvi şəkildə pozulmasından söhbət gedir. Həmin gecə öz mövqeyini dinc şəkildə ifadə etmək üçün meydanlara çıxmış, silahsız vətəndaşlara qarşı hərbi güc tətbiq edilməsi bu fundamental hüququn açıq şəkildə tapdalanması idi. Eyni zamanda, Konvensiyada təsbit olunmuş ifadə azadlığı da ciddi şəkildə pozulmuşdur. İnsanlar bir araya gələrək öz iradələrini sülh yolu ilə ifadə etməyə çalışsalar da, onlara qarşı zorakılıq və qətliam törədilmişdir".
Hüquqşünas, həmçinin beynəlxalq hüquqla qorunan birləşmək və sərbəst toplaşmaq hüquqlarının 20 Yanvar hadisələri zamanı kobud şəkildə məhdudlaşdırılmış olduğunu bildirib: "Vahid məqsəd ətrafında toplaşaraq mövqelərini ifadə edən insanların iradəsi tanklar və odlu silahlarla susdurulmağa cəhd edilmişdir. Bütün bunlar 20 Yanvar faciəsinin yalnız tarixi deyil, eyni zamanda hüquqi müstəvidə də insanlıq əleyhinə ağır cinayət kimi qiymətləndirilməsinin zəruriliyini bir daha ortaya qoyur".
Elmir Heydərli
10:58 21.01.2026
Oxunuş sayı: 1579