İlham Əliyev: Azərbaycan çoxsaylı tərəfdaşlarla yaxşı münasibətlər qurur
Azərbaycan siyasi suverenliyə can atır və eyni zamanda çoxsaylı tərəfdaşlarla yaxşı münasibətlər qurur.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda paneldə deyib.
"Biz siyasi suverenliyə can atırıq və eyni zamanda çoxsaylı tərəfdaşlarla yaxşı münasibətlər qururuq. Baxın: bizim Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq sənədlərimiz, Çinlə hərtərəfli strateji tərəfdaşlıq sazişimiz var, Birləşmiş Ştatlarla strateji tərəfdaşlıq xartiyası isə müzakirə mərhələsindədir", - Prezident qeyd edib.
O, bunların hamısının ölkənin gələcəyi ilə bağlı aydın baxış sayəsində mümkün olduğunu vurğulayıb.
"Ölkənin öz gələcəyi ilə bağlı aydın baxışı, gücü, konsolidasiya olunmuş cəmiyyəti varsa və kimin nə deməyindən, siyasətiniz barədə hansı məqalələrin dərc olunmasından asılı olmayaraq doğru olanı etməyə hazırdırsa, bu istiqamətlər bir-birinə zidd deyil", - Azərbaycan Prezidenti bildirib.
Prezident əlavə edib: "Çoxtərəflilik, birtərəfli yanaşmalar və proteksionizm məsələlərinə gəldikdə, görürük ki, bütün bu sistem dağılır. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) dağılır. Yeri gəlmişkən, Azərbaycan ÜTT-yə daxil olmayıb, məhz ona görə ki, biz iqtisadi suverenliyi qorumaq istəyirik, hərçənd ki, bizi 30 il ərzində (təşkilata - red.) dəvət ediblər".(Report)
20:49 20.01.2026
Oxunuş sayı: 1341