Qara Yanvarın şahidi Reza Deqati
1990-cı il yanvarın 20-də sovet hökuməti tərəfindən planlı şəkildə Bakıda mülki əhaliyə qarşı törədilən qətliamdan məşhur fotojurnalist Reza Deqati və türkəsilli Fransa vətəndaşı videoqraf dostunun çəkdiyi fotolar və videolar sayəsində Qara Yanvar bir sirr deyil və dünya mülki əhaliyə qarşı törədilmiş qırğından xəbərdardır.
Azərbaycanda əhalinin silahsızlaşdırıldığı, əsas xəbər mənbəyi olan televiziya yayımının dayandırıldığı, Bakıya xarici jurnalistlərin girişinin qadağan olunduğu bir vaxtda, Reza Deqati 20 yanvarda bu qətliamdan xəbər tutan kimi Parisdən böyük çətinlik hesabına Bakıya üz tutur. Fransa paytaxtından birbaşa Bakıya uçuş mümkünsüz olduğuna görə o, balet çəkmək adı altında həmkarları ilə birlikdə viza alaraq Moskvaya gedib. “Rossiya otel”də olan bir sıra xarici media nümayəndələr də Bakıda baş verən hadisələrlə əlaqədar xəbər hazırlamaq istəyirdilər.
Crossmedia.az xəbər verir ki, bu barədə AZƏRTAC-a danışan məşhur fotojurnalist Reza Deqati deyib: “Həmin vaxt Moskvada bir nəfər dövlət nümayəndəsi jurnalistlərə onları sabah Bakıya aparacağını bildirdi. Lakin sovet hökumətinin qırğın törətdiyi zaman jurnalistləri Bakıya aparması inandırıcı deyildi. Bunu Moskvadakı Azərbaycan nümayəndəliyinə bildirdim və onlar da mənimlə eyni fikirdə idi.
Daha sonra sovet hökumətinin söz verdiyi jurnalistlərin xəbəri yayıldı ki, həmin təyyarə Bakıya eniş edə bilmir bəhanəsi ilə İrəvan hava limanına aparılıb və bu vaxt bir neçə erməni qadın “Biz Bakıdan gəlmişik, Azərbaycanlılar bizi qırır” kimi ifadələrlə fəryad ediblər. Hava limanındakı jurnalistlər də buna inanaraq 20 Yanvarı azərbaycanlıların deyil, ermənilərin faciəsi kimi işıqlandırıblar”.
Jurnalistlərin girişi qadağan olunduğu üçün Reza Deqati, Şirin Məlikova və videoqraf dostu azərbaycanlı tanışlarının köməyi sayəsində Bakıya yola düşürlər. Qatarda gizlənərək 48 saat yol gəlirlər. Qatarda ilk işi isə “Ya po ruski ne znayu” (Mən rusca bilmirəm) və “Ya Azerbaycanets” (Mən azərbaycanlıyam) kimi bəzi rusca cümlələr öyrənmək idi. Çünki Rus dili bilməyən azərbaycanlıları çox sorğu-suala tutmurdular. Ancaq kimsə onun sənədlərini yoxlasaydı, bu artıq son demək idi. Ona görə də yoxlanışa gələn nəzarətçilərə araq hədiyyə verirdilər ki, yoxlanış keçirməsinlər.
Bu uzun səyahətdən sonra Bakıya çatdığı zaman Reza Deqati burada gördüyü mənzərəni İkinci Dünya müharibəsi filmindən bir səhnəyə bənzədirdi.
Reza Deqati o günü belə xatırlayır: “48 saatlıq yoldan sonra qatar Bakı stansiyasına daxil olduğu zaman, axşam vaxtları, komendant saatından yarım saat əvvəl, biz platforma üzərində düzülmüş, silahlı, papaqlı, uzun paltolu sovet əsgərlərini gördük. Soyuq idi, özümü İkinci Dünya müharibəsi haqqında filmdəki biri kimi hiss etdim. Sanki heç nə dəyişməyib”.
Qatar Bakıya çatdığı vaxtda artıq Bakıda komendant saatına az qalmışdı və vağzalda çox sayda sovet əsgərləri hər kəsi yoxlayırdı. Özlərini Reza Deqatinin və onun dostunun nişanlısı kimi təqdim edən, əllərində güllər ilə onları qarşılayan iki xanımın köməyi ilə yoxlanış olmadan vağzaldan çıxırlar. Xanımlardan biri daha sonra Azərbaycan Respublikasının Fransadakı səfiri, həmçinin, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi olmuş Eleonora Hüseynova idi.
Yanvarın 24-də onu aralarında UNESCO-da fəaliyyət göstərən azərbaycanlı diplomat Ramiz Abutalıbovun da olduğu dostları Bakıda qarşılayır və sovet əsgərlərinin dinc nümayişçiləri güllələməkləri, sovet tanklarının maşınların və mülki vətəndaşların üstündən keçməyi, uşaq, qadın, yaşlı demədən, silahsız insanları necə qətlə yetirdikləri barədə məlumat verirlər.
Küçədə gəzməyin belə təhlükəli olduğu bir vaxtda, sovet tank və əsgər patrulları ilə əhatələnmiş Bakı şəhərində Reza Deqati öz həyatını təhlükəyə ataraq fotoaparatı ilə gizli şəkildə, xəstəxanalara, morqlara gedərək, fərqli aspektlərdən, maşının içindən, binaların pəncərələrindən gördüyü mənzərələrin fotoşəkillərini çəkmişdir.
“Bakı tanklar və əsgər patrulları ilə mühasirəyə alınmışdı. Açıq şəkildə, gördüklərimizin şəkillərini çəkmək çox riskli idi. Ehtiyatlı davranmalı, maşınların və binaların pəncərələrindən fotolar çəkəndə kameranı gizlətməyin yollarını tapmalı idik”, - deyə o bildirir.
Qanlı Yanvar şəhidlərinin basdırıldığı, məzarlığa çevrilmiş, qəbirlərin üzəri qırmızı qərənfillər və qara paltarlar ilə örtülmüş şəhər parkına gələn Reza şübhələri üzərinə çəkməmək üçün hər kəs kimi geyinmiş və insanların da köməyi ilə çəkiliş avadanlıqlarını gizlətmişdi.
“Hər şeydən əvvəl xatırladığım yalnız qırmızı və qara idi”, - deyir Reza bəy.
Ordu helikopteri izdihamı dağıtmaq üçün qəbiristanlığın üzərində uçuşlar həyata keçirdiyi zaman isə, artıq Reza bu “qırmızı və qara”dan ibarət kadrları çəkib bitirmişdi. Təhlükəsizlik tədbirləri səbəbi ilə fotoaparat və avadanlıqlar olmadan Moskvaya qayıdan Reza, sonradan dostlarının köməyi ilə onları əldə edir və oradan da Parisə gedir.
Parisə çatdığı günün axşamı 18-dən çox televiziya kanalı Rezanın çəkdiyi fotoşəkilləri və dostunun lentə aldığı videoları yayımlayaraq Bakıdakı hadisələr barədə danışdı, onlarla radio stansiyaları 20 Yanvar faciəsi barədə məlumat yaydı. Bundan əlavə, Reza Deqatinin o zaman fəaliyyət göstərdiyi “Sipa Press” fotoagentliyi, onun çəkdiyi bu fotoları 20 mindən çox media qurumuna göndərdi. Fotojurnalist Rezanın və komandasının çəkdiyi fotoşəkillər və videolar sayəsində qan yaddaşımız Qara Yanvar nəinki unudulmur, bütün dünya mülki vətəndaşlara qarşı olan bu vəhşilikdən xəbər tutur.
Bundan əlavə, Reza Deqatinin XX əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq xalqımıza qarşı törədilmiş qırğınlardan bəhs edən, 2014-cü ildə ingilis və fransız dillərində nəşr olunan “Günahsızların qətliamı” (“Massacre of the Innocents”) kitabı Qara Yanvar haqqında dünya miqyasında çap olunmuş mühüm və dərin əhatəli yeganə nəşrdir.
Kitabda 1990-cı il 20 Yanvar faciəsi və 1992-ci il 26 fevralda Xocalıda törədilən soyqırımı zamanı fotomüxbirin çəkdiyi fotolar, həmçinin, dünyanın müxtəlif ölkələrində qanlı tariximizin tanıdılması ilə bağlı keçirilən tədbirlər, qaçqın və məcburi köçkün ailələrinin həyatını əks etdirən fotoşəkillər də yer alıb.









12:44 20.01.2026
Oxunuş sayı: 1696