Görüşdə hesabı qadın ödəməlidir ya kişi?
İlk görüşdə restoran hesabını kimin ödəməli olduğu mövzusu sosial şəbəkələrdə və gündəlik münasibətlərdə ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Bir qisim hesab edir ki, hesabı dəvət edən və ya kişi ödəməlidir, digərləri isə qadın və kişinin bərabərliyi prinsipindən çıxış edərək hər kəsin öz sifarişinin pulunu ödəməsinin daha doğru olduğunu düşünür. Xüsusilə bahalı məkanların seçilməsi, tərəflərin maddi imkanlarındakı fərq və münasibətlərdə maddi gözləntilər bu mübahisəni daha da aktuallaşdırır.
Bəs hesabı ödəmək həqiqətən də gender məsələsidir, yoxsa bu, münasibətin xarakteri və tərəflərin maddi imkanlarından asılı olmalıdır? Bir insanın qarşı tərəfin gözləntilərini qarşılamaq üçün imkanından artıq pul xərcləməsi nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, restoran və kafelərdə hesabın kimin – xanımın, yoxsa bəyin ödəyəcəyi məsələsi, ilk növbədə, tərəflərin maddi imkanları ilə bağlıdır:
“Ümumiyyətlə, restoran və kafelərdə hesabın kimin – xanımın, yoxsa bəyin ödəyəcəyi məsələsi, ilk növbədə, tərəflərin maddi imkanı ilə bağlıdır. Əgər təbəqələşmədən qaçır, müəyyən dəyərləri və bərabərliyi önə çəkir, gender bərabərliyindən danışırıqsa, bunu mülki, etik və əxlaqlı bir davranış modelinə çevirməliyik.

Adətən kişi hesabı ona görə ödəyir ki, daha çox qazanır, ailənin başçısı hesab olunur və məsuliyyəti üzərinə götürür. İmkanca daha üstündürsə və bu ödəniş onun mövqeyinə uyğundursa, ödənişi kişinin etməsi mümkündür. Lakin bu o demək deyildir ki, xanım ödəyə bilmir və ya ödəniş etmək istəmir. Sadəcə olaraq, bu müəyyən bir etik normadır. Ənənəyə görə ailə quranda xanımlar bəyin soyadını götürür və ya qərar qəbul etmə prosesində bəylərin fikrinə xüsusi önəm verilir. Əlbəttə, xanımların da rəyi vacibdir və bərabərlik prinsipi qorunmalıdır.
Məsələ münasibətdən də asılıdır.
İşgüzar görüşlərdə, əgər görüş işgüzar xarakter daşıyırsa, hər kəsin öz sifarişi var və xərclər bərabər bölüşdürülə bilər. Bir tərəfin digərinin maraqları üçün maliyyə yükü daşıması məcburi deyildir.
Şəxsi görüşlərdə isə tərəflərin büdcə imkanları fərqli ola bilər. Məsələn, biri bahalı, digəri isə sadə menyu seçdikdə, xərci birtərəfli qaydada yükləmək ədalətli olmaz. Hər iki tərəf öz hesabını ödəyə və ya qarşılıqlı jest edə bilər.
Kimsə bir saatlıq əyləncə üçün bir aylıq qazancını xərcləməməlidir. Birtərəfli və yerli-yersiz ödənişlərin tələb olunması emosional və iqtisadi istismara yol aça bilər.
Gender rolları baxımından cəmiyyətdə hər kəs öz məsuliyyətini daşımalıdır. Bərabərlik adı altında tərəflərdən birinin sıxışdırılması və ya qeyri-adekvat davranışların təbliğ olunması doğru deyildir. İnsan Hüquqları Haqqında Ümumi Bəyannamədə qeyd edildiyi kimi, hər bir fərdin hüquqları bərabərdir və diskriminasiyaya yol verilməməlidir.
Yekun olaraq, həm kişinin, həm də qadının cəmiyyətdəki və ailədəki roluna hörmətlə yanaşılmalı, münasibətlər qarşılıqlı anlaşıqlıq, sədaqət və bərabərlik prinsipləri üzərində qurulmalıdır”.
Zeynəb Həsən
14:00 04.09.2026
Oxunuş sayı: 51