Süni intellekt baxçaları da əlimizdən aldı - robotlar üçün baxçalar açılacaq
Çində robotların öyrədilməsi sahəsində yeni mərhələyə start verilib. Pekində açılan “Robot uşaq bağçası”nda humanoid robotların insan tərəfindən hərəkətlərin hazır şəkildə öyrədilməsi əvəzinə toxunma, sınaq və səhv yolu ilə real mühitdə öz təcrübələrini formalaşdırması üzərində işlənir. Mərkəz Richard Suttonun rəhbərlik etdiyi tədqiqat qrupu və Tashan Technology tərəfindən yaradılıb. Bu yanaşma robotların real şəraitə uyğunlaşması və gələcəkdə daha müstəqil fəaliyyət göstərməsi baxımından diqqət çəkir.
İKT eksperti Elvin Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, Çində açılan yeni tədqiqat mərkəzi robototexnika və süni intellektin qovşağında keyfiyyətcə yeni mərhələnin, yəni müxtəlif mühitlərə uyğunlaşa bilən muxtar sistemlər dövrünün başladığını göstərir:
“Çində açılan bu yeni tədqiqat mərkəzi robototexnika və süni intellektin qovşağında keyfiyyətcə yeni bir mərhələnin, yəni müxtəlif mühitlərə uyğunlaşa bilən muxtar sistemlər (Autonomous Embodied AI) dövrünün başladığını göstərir. Ənənəvi robotlar əvvəlcədən sərt şəkildə kodlaşdırılmış təlimatlar əsasında fəaliyyət göstərirdi ki, bu da onları yalnız fabriklər kimi tam nəzarət olunan, dəyişməz mühitlərdə effektiv edirdi. Robotların insan müdaxiləsi olmadan, öz təcrübələri və səhvləri əsasında öyrənməsi (Reinforcement Learning) isə maşınların statik proqramlardan dinamik şəkildə adaptasiya oluna bilən şüurlu köməkçilərə çevrilməsi deməkdir”.

Ekspertin sözlərinə görə, bu texnoloji yanaşma robotların tətbiq sahələrini genişləndirməklə yanaşı, onların real və dəyişkən mühitlərdə müstəqil qərarlar qəbul etməsinə imkan verə bilər:
“Texnoloji inkişaf baxımından bu yanaşma robotların tətbiq sahələrini köklü şəkildə genişləndirir. Əvvəlcədən hər bir hərəkəti proqramlaşdırmağın mümkün olmadığı qeyri-müəyyən mühitlərdə, məsələn, ev işlərində, xəstəxanalarda, mürəkkəb logistika anbarlarında və ya axtarış-xilasetmə əməliyyatlarında robotlar gözlənilməz maneələrlə qarşılaşdıqda özləri sərbəst həll yolu tapa bilirlər. Eyni zamanda, bir robotun real mühitdə etdiyi səhv və əldə etdiyi təcrübə bulud infrastrukturu üzərindən mərkəzi modelə ötürülür. Bu sayədə minlərlə robot tək bir robotun sınağından öyrənərək kollektiv şəkildə təkmilləşir və hər yeni tapşırıq üçün mühəndislər tərəfindən aylarla kodlaşdırılma ehtiyacı aradan qalxır”.
E.Abbasov hesab edir ki, bu texnologiyaların inkişafı əmək bazarında və gündəlik həyatda insan-robot münasibətlərinin xarakterini də dəyişə bilər:
“Əmək bazarı və gündəlik həyat baxımından bu dönüşüm insan-robot qarşılıqlı əlaqəsini təhlükəsiz və təbii müstəviyə daşıyacaq. Rəqəmsal və fiziki dünyanı eyni anda anlayan bu cür muxtar robotlar təkcə rutin fiziki işləri deyil, həm də sürətlə dəyişən mühitlərdə operativ qərar qəbuletmə tələb edən sahələri öz üzərinə götürəcək. Bu da yaxın gələcəkdə insan kapitalının fiziki yükdən azad olaraq daha yaradıcı, idarəedici və strateji sahələrə yönəlməsinə şərait yaradacaq”.

Sosioloq Əhməd Rəhmanov isə açıqlamasında bildirib ki, robotlar və süni intellekt artıq əmək bazarına təsir göstərməyə başlayıb və bu proses Azərbaycanda da özünü göstərir:
“Robotlar artıq bu gün öz təsirini əmək bazarında göstərir. Baxmayaraq ki, biz Azərbaycanıq və Çindən qat-qat geri qalmışıq, bu təsir artıq hiss olunur. Məsələn, bu gün jurnalistlərin çoxu işsizdir. Yəni yazı-pozu əhli işsizdir. Müəllimlərlə bağlı da eyni vəziyyəti müşahidə etmək mümkündür. Məsələn, şagirdlərin bir hissəsi müəllim yanına getmir. Mən elə insanlar tanıyıram ki, onlar yalnız süni intellekt vasitəsilə hazırlaşırlar. Sonra, musiqi yazmaq məsələsi var. Bu da musiqiçilərin bir qismini işsiz qoya bilər. Yəni bu tip insanları hər halda işsiz qoyacaq”.
Sosioloqun sözlərinə görə, texnologiyanın inkişafı bəzi peşələrə tələbatı azaltsa da, insan əməyinin vacib olduğu sahələrdə peşələrə ehtiyac davam edəcək:
“Amma elə işlər var ki, məsələn, texniki işlər, çilingərlər, elektriklər və bu tip insanlar tarix boyu lazım olub, gələcəkdə də lazım olacaq. Ona görə də hər bir insan özünə iş seçəndə əvvəlcədən düşünməlidir ki, gələcəkdə bu işə tələbat olacaq, ya yox. Bir müddət Azərbaycanda gördülər ki, humanitar elmlərə tələbat var. İnsanlar məmur olmaq istədilər. Ona görə də humanitar elmlərə axın oldu”.
Ə.Rəhmanov hesab edir ki, süni intellektin inkişafı xüsusilə humanitar sahələrdə çalışanlar üçün yeni çağırışlar yaradır.ə:
“Artıq bu gün elə bir vəziyyət yaranıb ki, həmin humanitar elmləri bitirənlərin çoxu işsizdir. Yəni robotlar və ya süni intellekt əsasən humanitar elmlərə ilk zərbəsini vuracaq. Harada ki insan faktoru vacibdir, bu işlər həmişə olub və olacaqdır. Əsasən də Azərbaycan kimi ölkələrdə”.
Nigar Xəlilli
13:00 04.09.2026
Oxunuş sayı: 48