Fransada tarixə düşən ən isti yay
Fransa 1900-cü ildən etibarən meteoroloji müşahidələrin aparıldığı dövrdə ən isti yayını 2026-cı ildə keçirib.
Crossmedia.az xəbər verir ki, Météo-France bu barədə məlumat yayıb.
Météo-France-ın məlumatına görə, iyun, iyul və avqust aylarını əhatə edən 2026-cı ilin yayında ölkə üzrə sutkalıq orta temperatur 24,0 dərəcə Selsi olub. Bu göstərici normadan 3,6 dərəcə yüksəkdir və əvvəlki rekord olan 2003-cü ilin yayını geridə qoyub.
Yay ərzində Fransada 53 gün istilik dalğası müşahidə edilib. Bu, 2022-ci ilin yayında qeydə alınan 33 gündən xeyli çoxdur. İyunun 17-dən 30-dək davam edən ilk istilik dalğası xüsusilə güclü olub və pik dövrdə 72 departamentdə qırmızı səviyyəli istilik xəbərdarlığı elan edilib.
Ölkənin böyük hissəsində temperatur 35 dərəcəni keçib. Məlumata görə, ərazinin 45 faizində yay ərzində ən azı bir dəfə 40 dərəcə və daha yüksək temperatur qeydə alınıb. 40 dərəcəlik həddin keçilməsi üzrə 178 hal müşahidə edilib ki, bu da rekord göstəricidir.
İsti hava ilə yanaşı, Fransada yağıntıların həcmi də kəskin azalıb. Yay ərzində yağıntı çatışmazlığı təxminən 40 faiz təşkil edib və 2026-cı ilin yayı ölkədə meteoroloji müşahidələr tarixində ikinci ən quraq yay olub. Torpaqlarda quraqlıq isə rekord səviyyəyə çatıb.
İsti və quraq hava meşə yanğınlarının da genişlənməsinə səbəb olub. Météo-France 2026-cı ilin Fransada indiyədək ən böyük yanğın sahəsinin qeydə alındığı il olacağını bildirir. Ölkənin sahillərində dəniz suyunun temperaturu da müşahidələr tarixində ən yüksək səviyyəyə çatıb.
Météo-France qeyd edir ki, 2026-cı ilin yayında müşahidə olunan ekstremal hava şəraitinin yaranmasında iqlim dəyişikliyi mühüm rol oynayıb.
13:09 04.09.2026
Oxunuş sayı: 44