Pərvanə Vəliyeva: Zəngilan regionun mühüm logistika mərkəzinə çevrilir
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində milli yaddaşımıza əbədi həkk olunmuş, xalqımızın birliyini, iradəsini və azadlıq əzmini təcəssüm etdirən tarixi günlər var. 20 Oktyabr – Zəngilan Şəhəri Günü də məhz belə şərəfli və əlamətdar tarixlərdəndir. 2020-ci il oktyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Zəngilan şəhərini işğaldan azad etməsi Vətən müharibəsində mühüm strateji dönüş nöqtəsi oldu. Bu gün hər bir azərbaycanlı üçün milli qürurun, tarixi ədalətin bərpasının və gələcəyə inamın təcəssümüdür.
İşğaldan azad edilmiş ərazilərdə sürətlə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində bu günə kimi bərpa və yenidənqurma işlərinə 26 milyard manata yaxın vəsait yönəldilib, 100 minə yaxın əhali azad edilmiş torpaqlarda məskunlaşaraq yaşayır, işləyir və təhsil alır. Bu böyük quruculuq prosesinin mühüm mərkəzlərindən biri olan Zəngilanda müasir infrastrukturlar, Beynəlxalq Hava Limanı və ilk "Ağıllı kənd" — Ağalı layihəsi uğurla reallaşdırılıb.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Pərvanə Vəliyeva Zəngilanın işğaldan azad edilməsinin tarixi, strateji və geoiqtisadi əhəmiyyətini ətraflı şərh edib:
"Zəngilan Şəhəri Günü Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin, qəhrəman Azərbaycan Ordusunun şücaətinin və xalqımızın sarsılmaz birliyinin rəmzidir. Zəngilan zəngin tarixi, əlverişli coğrafi mövqeyi və təbii sərvətləri ilə seçilən qədim yaşayış məskənlərimizdəndir. 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayonun dinc əhalisi doğma yurdlarından didərgin düşmüş, bütün yaşayış və mədəni irs obyektləri ciddi dağıntılara məruz qalmışdı. 2020-ci il oktyabrın 20-də şəhərin azad olunması Azərbaycanın cənub-qərb istiqamətində mövqelərini möhkəmləndirdi və regionda yeni strateji imkanlar yaratdı".
Millət vəkili Böyük Qayıdış proqramı çərçivəsində Zəngilana köçürülən əhalinin məskunlaşma statistikasına və məşğulluq imkanlarına toxunub:
"İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı vətəndaşlarımızın təhlükəsiz və layiqli yaşayışını təmin edir. Zəngilanda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən quran Ağalı kəndi müasir şəhərsalma və rəqəmsal həllərin rəmzinə çevrilib. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə (339 nəfər), Ağalı kəndində 234 ailə (1017 nəfər), Məmmədbəyli kəndində isə 179 ailə (903 nəfər) daimi məskunlaşıb. Köçürülən sakinlər müvafiq qurumlar tərəfindən dövlət idarələrində, tikinti şirkətlərində, tikiş fabrikində və ictimai iaşə obyektlərində ixtisaslarına uyğun işlə təmin olunurlar".
Pərvanə Vəliyeva xüsusi vurğulayıb ki, Zəngilanın nəqliyyat və logistika imkanları bütövlükdə regionun geoiqtisadi mənzərəsini dəyişir:
"Zəngilan Beynəlxalq Hava Limanının inşası, ICAO və IATA standartlarına uyğun ağır yük və sərnişin təyyarələrini qəbul etməsi bölgəni mühüm nəqliyyat qovşağına çevirir. Eyni zamanda Horadiz–Zəngilan–Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin ən kritik infrastruktur hissəsidir. Zəngilan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayan, İran və Ermənistanla sərhəddə yerləşən qlobal logistika mərkəzinə çevrilir".
Zeynəb Həsən
14:55 19.10.2026
Oxunuş sayı: 58