Ekoloq: Dünyada su azala bilər amma tanrı insanı susuz qoymayacaq
Bir damla suyun dəyəri bəzən onu itirənə qədər hiss olunmur. Krandan axan suyun bir gün azalacağı, torpağın susuzluqdan çatlayacağı, su anbarlarının səviyyəsinin aşağı düşəcəyi isə çoxlarına hələ də uzaq ehtimal kimi görünür. Halbuki su ehtiyatlarının azalması artıq təkcə ekoloji məsələ deyil, kənd təsərrüfatından gündəlik məişətə, ərzaq təminatından insanların gələcəyinə qədər bir çox sahəni əhatə edən ciddi problemə çevrilir. İqlim dəyişiklikləri, yağıntıların qeyri-bərabər paylanması və su ehtiyatlarından səmərəsiz istifadə bu təhlükəni daha da dərinləşdirir.
Azərbaycan gələcəkdə ciddi su qıtlığı ilə üzləşə bilərmi və hazırkı vəziyyət nə dərəcədə narahatedicidir?Su qıtlığının qarşısını almaq üçün bu gündən hansı təxirəsalınmaz addımlar atılmalıdır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, suyu, havanı, qazı, yanacaqları, günəş enerjisini verən tanrıdır, bizə hamısını pulsuz verib:

"Su bütün canlıların həyat mənbəyidir, o baxımdan bu tükənməyəcək. Sadəcə müəyyən yerlərdə qıtlıq ola bilər, problem ola bilər, bunlar doğrudur və bunların olmaması üçün də insanlar qənaət və mədəniyyət nədir bilməlidirlər, suvarma sistemi nədir bilməlidirlər. Bunun üçün də müasir suvarma sistemləri quraşdırılmalıdır.
Bizim tələbatımızı aşan kənd təsərrüfatı məhsulları yetişdirməyə o qədər ehtiyac yoxdur. Çünki biz xammal yetişdirib xaricə satırıq və torpaqlarımız kirlənir, su ehtiyacımız azalır. O baxımdan belə şeylərə diqqət eləmək lazımdır.
Suyun təkrar istifadəsini düşünmək lazımdır. Dünyada yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır. İçməli suya olduqca qənaətlə yanaşmaq lazımdır. Və çeşmələrimizdən axan borularımızdan axan suları qənaətlə işlətməliyik. Başqa bir şey yoxdur, hal-hazırda bizim su krizimiz yoxdur və su krzizi yaşamırıq.
Baxmayaraq ki, iqlim dəyişrilərinin fonunda və Rusiyanın şıltaqlığı fonunda Xəzər dənizində su səviyyəsi çox sürətlə azalıb. Bunlar hamısı aydındır, amma tanrı insanları susuz qoymayacaq".
Nuray Oqtayqızı
16:30 19.10.2026
Oxunuş sayı: 52