İnsanlar evdə yox çöldə yemək yediyi üçün maaşları çatmır - Ekspert
Son dövrlər ərzaq və gündəlik tələbat məhsullarının qiymətləri, eləcə də müxtəlif xidmətlərə çəkilən xərclər ailə büdcəsinin idarə olunmasını daha da aktuallaşdırır. Gəlirlərin böyük hissəsinin əsas ehtiyaclara yönəldilməsi ailələrin digər zəruri xərclərini qarşılamaq və qənaət etmək imkanlarını məhdudlaşdıra bilər. Belə şəraitdə xərclərin düzgün planlaşdırılması ilə yanaşı, əhalinin alıcılıq qabiliyyətinin qorunması və ailələrin maddi yükünün azaldılması istiqamətində hansı addımların atılması məsələsi də diqqət mərkəzindədir. Bəs ailə büdcəsinə qənaət etmək üçün nələrə diqqət yetirilməlidir və iqtisadi vəziyyətin yaxşılaşması üçün hansı dəyişikliklərə ehtiyac var?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Sosioloq Üzeyir Şərifov bildirib ki, rəsmi statistikaya əsasən 2025-ci ildə istehlak xərclərinin 43 faizə yaxını qida məhsullarının payına düşür: "Qeyri-qida məhsullarına təqribən 40-41 faiz, xidmətlərə isə 14 faizə yaxın vəsait sərf olunur.

İnsanların tütün məmulatları ilə bağlı xərcləri 1,9 faiz, spirtli içkilər isə təqribən 0,16 faiz təşkil edir.
Rəsmi rəqəmlər göstərir ki, bəzən insanlar xərcləri tənzimləməkdə çətinlik çəkirlər. Əvvəllər evdə daha çox qidalanmağa üstünlük verildiyi halda, indi bir çoxları səhər yeməklərini və digər yeməkləri kafe-restoranlarda edir ki, bu da ərzaqla bağlı xərclərin artmasına səbəb olur. Çeşidin çox olması insanların marağını cəlb edir və nəticədə ailə büdcəsi nəzərə alınmadan xərclər edilir, ayın axırında isə büdcənin çatmadığı müşahidə olunur. Bazar qiymətləri də bu prosesə öz təsirini göstərir".
Nuray Oqtayqızı
15:30 19.10.2026
Oxunuş sayı: 45