Gələn il dünyada aclıq olacaq
Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhdidə çevrilə bilər. Xüsusilə, dünya enerji və ticarət marşrutları baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazında yaranan qeyri-müəyyənlik ərzaq təchizatına da mənfi təsir göstərə bilər. BMT rəsmisi Xorxe Moreyra da Silva ABŞ və İran arasında boğazla bağlı razılığın əldə olunmasının həyati əhəmiyyət daşıdığını vurğulayaraq, mümkün böhranın qlobal nəticələrinə diqqət çəkib.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, Hörmüz boğazında yaranan problemlər dünya ərzaq bazarı üçün kritik önəm daşıyan gübrə təchizatını iflic edir:
"Birincisi, bu coğrafiyadan böyük həcmdə gübrə ixrac olunur. Dünya ərzaq bazarı üçün həyati əhəmiyyət kəsb edən gübrə neft-qaz sənayesinin, xüsusən də qazın emalı məhsuludur. Neft-qaz sənayesi inkişaf etmiş region ölkələri bunu böyük həcmdə istehsal edərək dünya bazarına çıxarırlar. Hörmüz boğazında yaranan hər hansı gərginlik gübrə daşınmasını ya tamamilə dayandırır, ya də həddən artıq bahalaşdırır. Çünki risklər artdıqca sığorta xərcləri və nəqliyyat tarifi kəskin yüksəlir, bu da gübrə defisitinə və qiymət artımına gətirib çıxarır".
X.Kərimli vurğulayıb ki, enerji daşıyıcılarının bahalaşması kənd təsərrüfatı məhsullarının maya dəyərini birbaşa artırır:
"Neft və qaz qiymətlərinin qalxması kənd təsərrüfatı məhsullarının həm istehsalını, həm də logistikasını bahalaşdırır. Bu, iki istiqamətə təsir edir: bir tərəfdən gübrə qıtlığı və bahalaşması yaradır, digər tərəfdən isə məhsulun yetişdirilməsi və daşınması xərclərini artırır. Qlobal bazarda baş verən bu qiymət artımları zəncirvari reaksiya ilə daxili bazara da birbaşa təsir göstərəcək".
İqtisadçı daxili bazarda qiymətlərin artmasına təsir edən əsas amillərə və idxal asılılığına diqqət çəkib:
"Bunun bir neçə əsas səbəbi var. Birincisi, Azərbaycan ərzaq məhsullarının böyük hissəsini xaricdən idxal edir. Mağazalardakı rəflərə baxdıqda satılan məhsulların böyük qisminin xarici mənşəli olduğu görünür. İkincisi, yerli istehsal olan məhsullarda daxilində istifadə olunan inqrediyentlər və ya xammal xaricdən gətirilir. Ölkəmiz özünü nə südlə, nə yağla, nə də digər əsas ərzaqlarla tam təmin edə bilmir, müəyyən hissələrini yenə xaricdən alırıq. Hətta ölkə özünü 100 faiz təmin etsə bile, xaricdə məhsul bahalaşırsa, daxildə onu ucuza satmayacaqlar. Məsələn, fındığı xaricə 10 manata sata bilən istehsalçı gətirib daxili bazarda 5 manata satmayacaq. Yəni xərc artmasa belə, dünya bazarındakı qiymət yüksəlişi daxili bazarda da qiymətlərin qalxmasını qaçılmaz edir".
Fatimə Cabbarlı
14:45 19.10.2026
Oxunuş sayı: 62