Meksikada su böhranına görə etirazlar iğtişaşlara çevrildi
Meksikanın qərbində yerləşən Qvadalaxara şəhərində su qıtlığı və içməli suyun çirklənməsi ilə bağlı keçirilən etiraz aksiyası zamanı qarşıdurmalar baş verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bazar günü keçirilən aksiya şəhərdə son bir həftə ərzində su böhranı ilə əlaqədar təşkil olunan ikinci kütləvi nümayiş olub.
Məlumata görə, Qvadalaxara şəhəri və ətraf ərazilərin sakinləri uzun illərdir su təchizatında fasilələrdən, eləcə də kranlardan qara rəngli və xoşagəlməz qoxulu suyun axmasından şikayət edirlər.
Xalisko ştatının qubernatoru Pablo Lemus oktyabrın əvvəlində bölgədə görünməmiş içməli su böhranının yaşandığını etiraf edib. Səhiyyə qurumları tərəfindən aparılan yoxlamalar zamanı su təchizatı sistemində koliform bakteriyalar aşkarlanıb.
Bazar günü keçirilən etiraz aksiyası zamanı üzlərini maska ilə gizlədən bir qrup şəxs ştat parlamentinin binasının girişlərində partlayıcı vasitələrdən istifadə etməkdə və yanğın törətməkdə şübhəli bilinir.
Hüquq-mühafizə orqanları və aksiyanın təşkilatçıları həmin şəxslərin nümayişə qarşıdurma yaratmaq məqsədilə qoşulduğunu ehtimal edirlər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi şəxslərin çəkic, Molotov kokteyli və pirotexniki vasitələr daşıdığı əks olunub. Həmçinin ticarət obyektlərinə ziyan vurulması və talan halları barədə məlumatlar yayılıb.
Dinc etirazçılar isə zorakılıq törədən şəxslərin hərəkətlərini pisləyərək onlardan uzaqlaşıblar. Nümayişçilər həmin şəxslər aksiyadan ayrılmayana qədər yürüşü davam etdirməkdən imtina ediblər.
Qubernator Pablo Lemus ABŞ-nin X sosial şəbəkəsindəki paylaşımında bildirib ki, aksiyanın əvvəlində bir qrup şəxs zorakılıq və xaos yaratmağa çalışıb. Lakin təşkilatçılar onları müəyyənləşdirərək yürüşdən uzaqlaşdırıblar.
Məlumata əsasən, içərisində benzin qabları olan oğurlanmış pikap avtomobilində aşkarlanan beş nəfər saxlanılıb. Onlar ştat parlamentinin və məhkəmə hakimiyyəti orqanlarının binalarının girişlərində yanğın törətməkdə şübhəli bilinirlər.
Qeyd edək ki, oktyabrın 11-də Qvadalaxarada su böhranına qarşı keçirilən ilk kütləvi yürüşə 10 mindən çox insan qatılıb.
Həmin aksiya zamanı polis və yanğınsöndürən qüvvələr əraziyə cəlb olunub. Məlumatlara görə, nümayişçiləri dağıtmaq üçün təmiz sudan istifadə edilib.
Oktyabrın 11-də baş verən qarşıdurmalarda 57 nəfər xəsarət alıb, 39 nəfər saxlanılıb. Nümayişçilərə və jurnalistlərə qarşı polis zorakılığına dair iddialar irəli sürülüb.
Hadisələrdən sonra 17 polis əməkdaşı barəsində həddindən artıq güc tətbiqi iddiaları üzrə hüquqi prosedurlara başlanılıb. Saxlanılan şəxslər isə polis əməkdaşları tərəfindən işgəncəyə məruz qaldıqlarını iddia ediblər.
Qubernator Pablo Lemus su böhranının əsas səbəblərindən biri kimi şəhərin köhnəlmiş boru kəmərlərini göstərib. Onun sözlərinə görə, su təchizatı infrastrukturunun bir hissəsində 70 ildən çoxdur lazımi texniki xidmət aparılmayıb.
O, problemin həlli məqsədilə şəhərin su kəmərlərinin yenilənməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyini açıqlayıb.
14:12 19.10.2026
Oxunuş sayı: 58