Təhsildə süni zəka İNQİLABI: Şagirdlərə necə fayda verə bilər?
Süni zəka texnologiyalarının sürətli inkişafı təhsil sistemində də yeni imkanlar yaradıb. Bu texnologiyaların tədris prosesinə inteqrasiyası şagirdlərin bilik və bacarıqlarının inkişafına, məlumatların daha sürətli mənimsənilməsinə və fərdi öyrənmə imkanlarının genişlənməsinə şərait yarada bilər.
Lakin mütəxəssislər hesab edirlər ki, süni zəkadan təhsil prosesində düzgün və məqsədyönlü istifadə olunması əsas şərtlərdən biridir. Texnologiyaların nəzarətsiz istifadəsi, xüsusilə şagirdlərin diqqətinin dərsdən yayınmasına səbəb olduqda, tədris nəticələrinə mənfi təsir göstərə bilər.

Təhsil eksperti Elçin Əfəndi Crossmedia.az-a açıqlamasında bildirib ki, süni zəkanın tədris prosesinə tətbiqi vacib məsələlərdən biridir:
“Süni zəkanın tədris prosesinə tətbiqi vacib məsələlərdən biridir. Burada əsas məqam şagirdlərin bilik və bacarıqlarının formalaşdırılması zamanı süni zəkadan düzgün təyinat üzrə istifadə olunmasını təmin etməkdir. Yəni bu texnologiya telefonla sadəcə vaxt keçirməyə deyil, konkret fənlər üzrə biliklərin sistemləşdirilməsinə və təkmilləşdirilməsinə xidmət etməlidir. Süni zəka fərqli məqsədlərlə istifadə edildikdə və ya diqqət yayındıran platformalara meyil artdıqda, bunun mənfi təsirlərini təhsil göstəricilərində aydın şəkildə görürük. Hazırda bəzi ölkələrdə bu sahədə müəyyən məhdudiyyətlər tətbiq olunsa da, Çin və Cənubi Koreya kimi bir çox Şərq ölkələrində süni zəka nəzarət altında tədris prosesinə geniş inteqrasiya edilir”.
Ekspert qeyd edib ki, biz də analoji yanaşma ilə, yəni prosesi nəzarət altında saxlamaqla süni zəkanı tədrisə tətbiq etsək, şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm irəliləyişlər əldə edə bilərik”.
Zeynəb Həsən
15:00 03.09.2026
Oxunuş sayı: 41