Azərbaycanın təhsilinə beynəlxalq qiymət: PISA 2025-də 7 432 şagird
PISA 2025 beynəlxalq qiymətləndirmə tədqiqatında Azərbaycandan 7 432 şagird iştirak edib.
Crossmedia.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə deyib.
Onun sözlərinə görə, tədqiqata cəlb olunan 7 432 şagird ölkə üzrə ümumilikdə 118 min 15 yaşlı şagirdi təmsil edir:
"Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə ölkə üzrə genişmiqyaslı şəkildə iştirak edib. Əvvəlki PISA tədqiqatlarında iştirak yalnız Bakı şəhərini əhatə etdiyi halda, 2025-ci ildə ölkənin müxtəlif iqtisadi rayonlarında yerləşən şəhər və kənd məktəbləri prosesə cəlb olunub. Tədqiqatda Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mil-Muğan, Mərkəzi Aran, Naxçıvan MR, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Şirvan-Salyan, Şəki-Zaqatala və Şərqi Zəngəzur üzrə məktəblər iştirak edib".
Müşavir vurğulayıb ki, ümumilikdə tədqiqata 241 məktəb, o cümlədən 154 şəhər və 87 kənd məktəbi cəlb olunub:
"İştirakçı şagirdlərin 52 faizini oğlanlar, 48 faizini qızlar təşkil edib. PISA 2025 tədqiqatında dünya üzrə 91 ölkədən 760 min şagird iştirak edib. Onlar ümumilikdə təxminən 33 milyon 15 yaşlı şagirdi təmsil edirlər".
Qeyd edək ki, PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən üç ildən bir təşkil olunur. (Report)
11:19 04.09.2026
Oxunuş sayı: 39