Ronaldunun qazancı 2 milyard dollara çatdı
Portuqaliyalı futbolçu Kriştianu Ronaldo karyerası ərzində qazancı 2 milyard dollara çatan ilk aktiv idmançı olub.
Crossmedia.az xəbər verir ki, “Forbes” nəşri bu barədə məlumat yayıb.
Nəşrin hesablamalarına görə, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 41 yaşlı futbolçu 2026/2027 mövsümündə klubundan 250 milyon dollar gəlir əldə edəcək.
Ronaldo reklam müqavilələri və biznes layihələrindən isə əlavə 50 milyon dollar qazanacaq. Beləliklə, onun cari mövsüm üzrə ümumi gəlirinin 300 milyon dollara çatacağı proqnozlaşdırılır.
“Forbes”in qiymətləndirməsinə əsasən, argentinalı futbolçu Lionel Messinin də gələn il karyerası ərzində ümumi qazancının 2 milyard dollar həddini keçəcəyi gözlənilir.
Hazırda ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən Messinin illik gəlirinin 145 milyon avro olacağı bildirilir.
Oktyabrın 17-də isə Ronaldonun yeni biznes layihəsinə 10 milyon avro sərmayə yatırdığı açıqlanıb. Futbolçu Portuqaliyanın Braqansa bölgəsində mineral su istehsalı müəssisəsinin yaradılmasını planlaşdırır. Zavodun tikintisinin 2027-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
“Forbes”in hesablamalarına görə, Ronaldonun karyerası ərzində ümumi qazancı 2 milyard dolları keçsə də, onun şəxsi sərvəti təxminən 1,2 milyard dollar qiymətləndirilir.
19:43 23.10.2026
Oxunuş sayı: 58