Rusiya Ukraynada müvəqqəti atəşkəs elan edib
Rusiya oktyabrın 27-dən Ukraynanın Xerson istiqamətində müvəqqəti atəşkəs tətbiq edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovun açıqlamasına istinadən məlumat yayılıb.
Gerasimov bildirib ki, atəşkəs Xerson vilayətinin Oleşki şəhərində keçiriləcək humanitar əməliyyatla əlaqədardır.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan etibarən Xerson istiqamətində hücumları dayandıracaq.
Müvəqqəti atəşkəsin məqsədi mülki şəxslərin təhlükəsizliyini təmin etmək və onlara zəruri ərzaq və digər ehtiyac məhsullarının çatdırılmasına şərait yaratmaqdır. Bu çərçivədə texniki kəşfiyyat tədbirləri həyata keçiriləcək və humanitar yardım karvanının Oleşki şəhərinə təhlükəsiz keçidi təmin olunacaq.
Qeyd edək ki, bundan əvvəl Ağ Evin rəsmi saytında yayılan açıqlamada ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın Ukraynanın Xerson vilayətində tərəflərin atəşi arasında qalan Oleşki şəhəri üçün “xüsusi atəşkəs” əldə etdiyi bildirilmişdi.
23:55 23.10.2026
Oxunuş sayı: 46