Bunu kimsə gözləmirdi! – Azərbaycan haqqında yayılan yalanın arxasında kim durur?
Azərbaycan Respublikası Media və Yayım Şurası ölkəmizdə ümumtəhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi ilə bağlı qərarın Türkiyənin sosial şəbəkə seqmentində və bəzi media orqanlarında kontekstdən çıxarılaraq guya "hicabın qadağan edilməsi" və dini dəyərlərin sıxışdırılması kimi təqdim olunmasını qətiyyətlə pisləyib. Ayrı-ayrı siyasi və ictimai şəxslərin saxta məlumatların yayılmasında iştirak etməsini, əsassız iddiaları təhqiramiz ifadələrlə təqdim etməsini ictimai məsuliyyətə zidd və auditoriyaya təsir imkanlarından sui-istifadə kimi qiymətləndirən Şura, media nümayəndələrini və visualları etibarlı mənbələrə istinad etməyə, dezinformasiyaya vasitəçi olmamağa çağırıb. Sırf təhsil qaydaları ilə bağlı olan texniki məsələnin süni şəkildə dini-ideoloji qarşıdurma müstəvisinə keçirilməsi və insanların dini həssaslıqlarından istifadə olunaraq Azərbaycan haqqında mənfi ictimai rəy formalaşdırılması cəhdləri iki qardaş ölkə arasındakı strateji etimadı zədələməyə yönəlmiş təhlükəli bir tendensiyadır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən media eksperti, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Türkiyə mediasında peşəkarlıqdan uzaq sərgilənən bu yanaşmanı, onun yaratdığı geostrateji riskləri və həll yollarını ətraflı şərh edib:
"Türkiyənin sosial şəbəkə seqmenti və peşəkar media müstəvisində Azərbaycanda vahid məktəbli geyimi qərarının yanlış təsbit edilərək guya "hicab qadağası" kimi təqdim olunması xüsusi təəssüf və təəccüb doğurur. Burada söhbət yalnız konkret hadisə barədə yanlış məlumat yayılmasından gitmir. Məsələ ondadır ki, sırf təhsil qaydaları ilə bağlı olan bir mövzu süni şəkildə dini-ideoloji qarşıdurma müstəvisinə keçirilir. Yəni insanların dini həssaslıqlarından istifadə etməklə Azərbaycan haqqında mənfi ictimai rəy formalaşdırılmasına cəhd göstərilir. Köhnə və ya saxta foto-video materiallardan istifadə etməklə çaşqınlıq yaratmaq, radikal fikirləri cəmiyyətin ümumi mövqeyi kimi vermək jurnalistika etikasına sığmır. Türkiyə mediasının hal-hazırki davranışı peşə dəyərlərindən çox uzaqdır".
Ekspert bu cür manipulyativ kampaniyaların Bakı-Ankara qardaşlıq oxuna vurmaq istədiyi zərbəyə diqqət çəkib:
"Məsələnin Azərbaycan-Türkiyə münasibətləri kontekstində daha həssas tərəfi var. İki ölkə arasında münasibətlər ortaq tarixə, dilə, mənəvi dəyərlərə və strateji tərəfdaşlığa əsaslanır. Dini və milli həssaslıqlar üzərindən yayılan manipulyativ məlumatlar Türkiyə cəmiyyətində Azərbaycan haqqında yanlış təsəvvürlər yarada, süni narazılıqlar formalaşdıra bilər. Ən təhlükəli məqam isə bu cür dezinformasiya kampaniyalarının qardaşlıq münasibətlərini zəiflətmək və ölkələr arasında qarşılıqlı etimadı sarsıtmaq məqsədilə xarici güclər tərəfindən istifadə olunması ehtimalıdır".
Müşfiq Ələsgərli dezinformasiya ilə mübarizədə mövcud mexanizmlərdən istifadənin vacibliyini vurğulayaraq fikrini yekunlaşdırıb:
"Dezinformasiyanın qarşısının alınması üçün dövlət institutları və media qurumları arasında operativ informasiya mübadiləsi gücləndirilməlidir. Məqsəd tənqidi məhdudlaşdırmaq deyil, fikir azadlığı ilə dərəcəli dezinformasiya arasındakı fərqi aydın göstərməkdir. Qeyd etmək zəruridir ki, iki ölkə arasında informasiya mübadiləsi aparmaq üçün Azərbaycan-Türkiyə Ortaq Media Platforması fəaliyyət göstərir. Türkiyəli həmkarlarımız bu imkanlardan istifadə etməli, faktları dəqiqləşdirmədən yaymamalıdırlar. Azərbaycan haqqında doğru və obyektiv informasiya təqdim etmək onların həm peşə borcu, həm də milli kimliklərindən irəli gələn məsuliyyətdir".
Zeynəb Həsən
21:00 23.10.2026
Oxunuş sayı: 51