Bitki əsaslı qidalanma böyrəkləri qoruya bilər
Bitki əsaslı qidalanma yüksək qan təzyiqi ilə əlaqəli böyrək zədələnməsini azalda bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Food & Function” elmi jurnalında dərc olunan araşdırmada məlumat verilib.
ABŞ alimləri hipertoniya xəstəliyi olan siçovullar üzərində təcrübə aparıblar. Heyvanlar qruplara bölünüb. Bir qrup adi yemlə, digər qrup isə meyvə, tərəvəz, qoz-fındıq və paxlalı bitkilərdən ibarət, tərkibinin 28 faizini bitki mənşəli qidalar təşkil edən rasionla qidalandırılıb.
Təcrübənin 24-cü həftəsindən sonra nəzarət qrupundakı siçovulların bir hissəsi əlavə 12 həftə ərzində bitki əsaslı qidalanmaya keçirilib.
Nəticələr göstərib ki, qan təzyiqi yüksək olaraq qalsa da, bitki əsaslı qidalanma böyrəklərin fəaliyyətini xarakterizə edən bəzi göstəriciləri yaxşılaşdırıb. Heyvanların qanında sidik cövhərinin səviyyəsi azalıb.
Bundan əlavə, uzun müddət adi qida ilə bəslənən siçovulların bitki əsaslı rasiona keçirilməsi böyrəklərin qanı süzmə göstəricisinin yaxşılaşması ilə nəticələnib.
Alimlər əldə olunan nəticələrin yüksək qan təzyiqi ilə əlaqəli böyrək zədələnməsinin azaldılmasında bitki əsaslı qidalanmanın potensial rolunu göstərdiyini bildirirlər.
Qeyd edək ki, araşdırma heyvanlar üzərində aparılıb. Nəticələrin insanlara təsirini təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.
00:30 24.10.2026
Oxunuş sayı: 47